Koreyada Azərbaycan kinosu
festivalı
Oktyabrın 13-dən
19-dək Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyası və Koreya
Fondunun birgə təşkilatçılığı
ilə Koreya Respublikasında Azərbaycan kinosu festivalı keçirilib.
Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi Ayaz Salayev, rejissor İlqar Nəcəfdən ibarət nümayəndə heyəti Koreyada səfərdə olub.
Paytaxt Seulun "Mirror Center" Mədəniyyət Mərkəzində festivalın açılışı münasibətilə qəbul təşkil olunub. Qəbulda ölkəmizin Koreyadakı səfiri Rəmzi Teymurov, diplomatik missiyaların rəhbərləri, yerli ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Festivalın açılışında çıxış edən Rasim Balayev və İlqar Nəcəf Azərbaycan kinosu, həmin gün nümayiş etdirilən "Buta" bədii filmi haqqında tamaşaçılara məlumat veriblər.
Festival günlərində Azərbaycanın "Arşın mal alan", "O olmasın, bu olsun", "Bəxtiyar", "Ögey ana", "Əhməd haradadır?", "Dəli kür", "Ad günü", "Qayınana", "Girov", "Buta" və "Axınla aşağı" bədii filmləri Koreya tamaşaçılarına təqdim olunub.
Qeyd edək ki,
bu ilin iyul-avqust
aylarında ölkəmizin bir neçə
şəhər və rayonunda Koreya kinosu festivalı keçirilib.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 5.