Azərbaycan Konqreslər Bürosu Moskvada işgüzar görüş keçirib

 

Azərbaycan Konqreslər Bürosu Moskvada ölkəmizin görüşlər sənayesi üzrə ilk işgüzar görüşünü keçirib.

Rusiyanın turizm sahəsində ixtisaslaşan dövlət qurumlarının və aparıcı şirkətlərin, təşviqat təşkilatları nümayəndələrinin iştirak etdiyi tədbirdə, Azərbaycanda bütövlükdə turizmin, o cümlədən işgüzar turizmin inkişafı üçün yaradılan şəraitdən bəhs edilib.

Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosunun üzvləri olan aparıcı turizm şirkətləri və mehmanxanalar barədə, həmçinin ölkəmizin bir sıra iri siyasiictimai forumlara, habelə böyük idman yarışlarına ev sahibliyi etməsi barədə məlumat verilib.

Tədbirin əsas hədəfi Azərbaycanı inkişaf edən işgüzar turizm məkanı kimi təşviq etmək, paytaxt Bakıda və ölkənin digər şəhərlərində beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən rahat infrastruktur və şərait barədə Rusiya alıcılarını məlumatlandırmaq idi. Bununla bağlı təqdimatlar keçirilib. Tədbir iştirakçıları milli mətbəximizin şirniyyatları ilə zəngin olan çay dəsgahı, qədim toy adət-ənənələrimizdən olan xına mərasimi və basma sənətinin incəlikləri ilə tanış olmaq imkanı əldə ediblər.

İşgüzar görüş çərçivəsində keçirilən mətbuat konfransında Rusiya mediasının 25-dən çox nümayəndəsi Azərbaycanın turizm sektoru, bu sahədəki yeniliklər barədə məlumatlandırılıblar.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 4.