“Bölgələrdən
paytaxta” layihəsi davam
edir
Növbəti təqdimatın ünvanı Xaçmaz rayonu oldu
Mədəniyyət
və Turizm Nazirliyinin
“Bölgələrdən paytaxta” layihəsi
Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. İl ərzində
Masallı, Qəbələ, Quba, Şəki,
Gədəbəy, İsmayıllı, Şəmkir
rayonlarının təqdimatları
keçirilib. Oktyabrın 19-da Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan növbəti təqdimat Xaçmaz rayonuna həsr olunmuşdu.
Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş stendlərdə bölgənin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, folklorunu, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də yer almışdı.
* * *
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərir. Həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində bölgələrdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilir, tarixi irsin bərpası və qorunması istiqamətində işlər görülür.
Nazir vurğuladı ki, Xaçmaz rayonu ilə bağlı təqdimat “Bölgələrdən
paytaxta” layihəsi çərçivəsində
təşkil edilən artıq səkkizinci belə tədbirdir:
“Hər təqdimatda bölgələrimizin bir-birindən
gözəl adət-ənənələrini, bölgənin
özünəməxsusluğunu, nə qədər zənginliyə
və müxtəlifliyə malik olduğunu daha aydın görürük. Xaçmaz
rayonu da ölkəmizin
digər bölgələri kimi qədim
tarixə malik, milli-mədəni dəyərlərin
qorunub inkişaf etdirildiyi bölgələrindən biridir. Son illər rayonda mədəniyyətin inkişafı üçün görülən işlər
təqdirəlayiqdir. Burada ölkəmizdə
ilk dəfə olaraq
açıq havada qurulan
şəxsiyyətlər muzeyi, regionun ən böyük xalça muzeyi, yeni tarix-diyarşünaslıq muzeyi
kimi mədəniyyət ocaqları istifadəyə
verilib. Xaçmaz mədəniyyətin
və turizmin vəhdət şəklində
inkişaf etdiyi
rayonlarımızdandır.
Mədəniyyət.- 2015.- 21
oktyabr.- S. 3.