Musiqi məktəbində dahi bəstəkarların yubileyi
qeyd olunub
Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli və onun məsləkdaşı, görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi tərəfindən ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov hər iki bəstəkarın ömür yoluna nəzər salıb. Xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Zemfira Qafarova, Sərdar Fərəcov, bəstəkar, professor Oqtay Rəcəbov iki böyük sənətkarın həyat və yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti, professional musiqi sənətinin inkişafında tarixi xidmətlərindən danışıblar.
Xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı, uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllimləri musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirdə Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları,
respublikanın tanınmış incəsənət xadimləri
iştirak ediblər. Sonda
Azərbaycan mədəniyyətinin inkişafına xidmət
edən bir sıra tədbir iştirakçılarına
Elmi-Metodik Mərkəzin diplom
və fəxri fərmanları təqdim olunub.
Mədəniyyət.- 2015.- 16
oktyabr.- S. 8.