Gözəl, nəcib
aktrisa -
doğmadan-doğma “ögey ana”, vəfalı “Aygün” yar, cəfakeş “Cahan”, mübariz “Nərgiz xala” - Nəcibə xanım Məlikova
Dünyanın
indiki gözqamaşdırıcı inkişaf
çağında da - teatral tədris-təlim mərkəzlərimizin
kifayət qədər çoxaldığı, siyasi-sosial
düyünlərin yoxaldığı, feodal-mental beyinlərin
sərinlədiyi bir dönəmdə belə “dünya
standartlı aktrisa” qıtlığı çəkiriksə,
görün, ötən əsrin ilk onilliklərində nələr
çəkirmişik!..
Deyirəm, belə olan surətdə, bəs o cövrü-cəfalı dövrün bu “kəndçi” - buzovnalı yavrusu nələr yaşayıb, görəsən? Hələ o (əslində bütün) dönəmlərdə surətən gözəl olmağın necə bir “özəl bəla” olduğunu demirəm...
Bir halda ki, əsas mətn-mətləbə “deyirəm”-“demirəm” təhkiyəsilə başlamışam, bunu da deyirəm: yaxşı ki, bu xanım həm də çox istedadlı imiş, yoxsa, onun qənirsiz gözəlliyi, bütün bəşər övladlarına xas olan məşhurlaşıb-şöhrətlənmə instinktindən yana, ismət zədə-hədələrinə məruz qala bilərmiş (bu məqamda məşhur aktrisalardan birinin müsahibəsində işlətdiyi bir replikanı xatırladım: “buna deyərlər “rejissor” sözü, - rejissor özü!”).
Cari təhkiyə babətindən (və ilahi bir misraya istinad-iqtibasən) bunu da deyirəm; bu əsil səhnə-ekran Leylisində hamıdan füzun gör-gözəllik od-ladı varmış, - məlum-məşhur kolleqasının ancaq adı varmış...
Hələ istedad dad-ladı!..
Əgər mənəvi elementlərin - hazırkı mövzumuzun predmeti olan hiss, duyğu-düşüncə “statistika”sı da olmuş və dəqiq hesablamış olsaydı, sizi əmin edirəm, 1958-ci ildən - “Ögey ana” filmi ekranlara çıxdıqdan sonra, məmləkətimizin tarixi ögey analıq “pleyada”sında doğmalaşmağa doğru çox ciddi dəyişikliklərin şahidi olardıq! Özü də - tək elə filmin mövzusuna, süjetin melodramasına, gözlənilməz rejissor tryuklarına görə yox, əsasən və əksərən, nəcibliklər kompleksi Nəcibə xanımın öz obraz-ad ab-havasına tərs mütənasibliyi hesabına! Onun ögey İsmayıla baxışlarının hər biri ayrıca bir film kimi baxılmırmı?! Əzazil qayınanasına münasibətindəki xoşluqlar ideal gəlinlik mehri, qaçılmaz “bəd”liklər isə - hədsiz ərköyün böyütdüyü (və hələ də davam etdiyi) doğma nəvəsinin gələcəyi üçün profilaktik dava-dərman sehri deyilmi? Yaxud, bu “ögey” ananın İsmayılın dəhşətli “itburnu çiçəyi” səfərindən xəbər tutduğu andakı əhvalını və evdən həmin məkana doğru qaçdığı epizodu xatırlayaq. Bu məqamın uğurunda bir sintetizm (rejissor-bəstəkar-operator və aktrisa özü) olsa da, Nəcibə xanım bizə oynadığı obrazın ögeylik libasından tamamilə təğyir təsiri bağışlayır; bu qadın burada sanki bədii Dilarəlikdən çıxaraq sənədli Nəcibəliyə - doğma analığa varıb...
Maraqlıdır, o, “Əhməd haradadır?” filmindəki doğma ana (Nərgiz) obrazından savay, məlum-məşhur rollarının hamısında “ögey”dir. Lakin həm də onların hər birində - sənətin verdiyi imkanlar daxilində - doğmalardan doğmadır. Bir-bir xatırlayaq. “Arşın mal alan” filmindəki “Cahan xala”lığında Əsgər bəyə doğma ana kimi yanıb-dönmürmü? “Uzun ömrün akkordları”nda balaca Üzeyir bəylə qısaca dialoqunda mehr-ülfət dolu “Natəvan”lığıyla bütün bir elat Anası təsiri bağışlamırmı?!.
“Deyirəm” deyə-deyə gəldim çıxdım deyilənlərə.
Deyirlər -
məşhuri-cahan “Arşın mal alan”dakı Cahan xala rolundan sonra Nəcibə xanım mər-məhəlləyə çıxa bilmirmiş. Səhnə-sənət işləri başından aşan, mətbəx-məişət təri dabanından axan bu xanımı o qədər söhbətə tuturmuşlar ki, hətta növbəti rollarına belə istədiyi dərəcədə hazırlaşa bilmirmiş. “Ögey ana”da yaratdığı şedevr obrazdan sonra isə nəinki mehri-məhəllədən, şəhri-Bakıdan, hətta bütün Azərbaycandan “gizlənirmiş”. Vurğulayırlar ki, ən çox da yetim uşaqların matdım-matdım baxışlarından, məktəblərdə ona hörmət əlaməti olaraq “xüsusi təşkil edilən” yığıncaqlarda şagirdlərin yanıqlı-yandırıcı çıxışlarından hədsiz mütəəssir olar, çox üzülərmiş...
Danışırlar ki, ilk olaraq kinoda şöhrətlənən Nəcibə Məlikovanın əsas yaradıcılıq aləmi teatr sənətilə bağlı olub və onu səhnədə görməyənlər özlərini çox şey itirmiş hesab etməlidirlər. Nədən ki o, səhnə obrazlarında - “dubl” arxayınçılığına malik kino-ekran rollarındakılara nisbətən daha sərbəst imiş; təbiətin bütün gözəlliklərinə sahib olan bu aktrisa tamaşa zalını əzəldən axıra sehrdə saxlayırmış! Özü də bunların çoxu Nəcibə xanımın daxili fitrətindən gəlirmiş, əks halda - Bakının Buzovna kəndində doğulub (25 oktyabr 1921-ci il) ilk təhsilini kənddə almış bir qız böyük peşəkarlar içərisində belə tez fərqlənə, dalbadal maraqlı ekran işlərinə dəvət edilməzmış. Çağdaşları belə bir fikri də vurğulayırlar ki, Nəcibə xanım “kinodəvətnamələr” əlində əsir-yesir olubmuş...
1940-43-cü illərdə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirən Nəcibə xanım öz istəyilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedir. Orada bir neçə tamaşada maraqlı obrazlar yaradıb, tələbkar Gəncə tamaşaçılarının rəğbətini qazanmış olsa da, Bakı mühiti və ali təhsil istəyi onu paytaxta səsləyir. Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olur, 1951-ci ildə oranı bitirib, hələ texnikumda ikən bir çox tamaşalarında epizodik rollar oynadığı Milli Dram Teatrında daimi işə düzəlir. 1952-ci ildən (kinoya çəkilişlə bağlı kiçik fasilələrlə) bu teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində, habelə, ara-sıra, komediyalarında yaddaqalan rollar oynayır. Onun “Şeyx Sənan”da Xumar, “Pəri cadu”da Şamama, “Aydın”da Böyükxanım, “Sevil”də Edilya, “Həyat”da Atlas, “Kəndçi qızı”nda Ayxanım, “Vaqif”də Xuraman, “Əliqulu evlənir”də Yasəmən, “Lənkəran xanının vəziri”ndə Şölə və Ziba, “Cehizsiz qız”da Oqudalova, “Orlean qızı”nda Aqnessa, “Sevilya ulduzu”nda Estelya obrazlarını ahıl teatrsevərlər günü bu gün də sevgi ilə xatırlayırlar.
Çox məlahətli, dedikcə emosional, lirik-dramatik aktrisa olan Nəcibə Məlikova, qismətdən, daim elə safqəlbli qəhrəmanları, məhəbbət və halal zəhmət yolunda mürəkkəb vəziyyətlərə düşən, bəzən gücsüzləşib kövrələn, ancaq öz dönməz iradəsi, xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları oynamalı olub. Təbiətən şən, xislətən şaqraq olan bu aktrisanın yumoru da - çox halda basmaqəlib, “zorəntəbib”-zorəntəb təsir bağışlayan “gülüşçü”lərdən fərqli olaraq, səmimi, yapışıqlı, həzin, kövrək lirizmlə süslənmiş idi...
Bənzərsiz sənətkar, ögeylik termininin “baş qəhrəmanı” hesab edilən analığı bənzərsiz doğmalığa qovuşduran bu xanım, Xalq artisti Nəcibə Məlikova sağlığında yaddaşlara məhz bu səpki, bu görkəm, bu ampluada həkk olundu, dünyasını dəyişdikdən (27 iyul 1992) sonra da həmən olaraq qaldı...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 23 oktyabr.-
S. 15.