“Aydınlığa doğru” səma şairini yad etdi

 

Oktyabrın 17-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması ictimai birliyinin “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində böyük şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Birliyin sədri Solmaz Əmirli qonaqları salamlayaraq “Ziyalı ünsiyyəti”ndə yeni görüşün dahi şairə həsr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib. 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində böyük xidməti olan, ömrünün 40 ilini Cavid irsinin öyrənilməsinə sərf edən daxili xidmət polkovniki Həmid Cəfərovun şəxsi arxivindəki videolentlərdən “Aydınlığa doğru”nun əməkdaşı, telejurnalist Günel Mönsümovanın rəhbərliyi ilə hazırlanmış qısa film nümayiş etdirilib.

Sonra çıxış edən Həmid Cəfərov ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1982-ci ildə polkovnik Telman Əliyev və SSRİ-nin xalq deputatı Zakir Nəsirovla birlikdə şairin nəşini Sibirdən vətənə gətirmələrindən söz açıb. Bu şərəfli missiyanın iştirakçısı olmuş Telman Əliyev və Zakir Nəsirov öz xatirələrini bölüşüblər.

Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə çıxış edərək Cavidi bütün bəşəriyyətə insanlıq dərsi verən bir mütəfəkkir kimi dəyərləndiriblər.

“Space 104 FM” radiosunun direktoru Əhməd Əsgər, “Kaspiy” qəzetinin əməkdaşı Qalina Mikeladze o ağır illərdə repressiyaya məruz qalan insanlardan, Cavid sənətinin ucalığından danışıblar.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 15.