“50 ilin sehri”
Bədii film haqqında sənədli film
Oktyabrın 20-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş sənədli film təqdim edilib. Film "Kanal-S" televiziya şirkətinin dəstəyi ilə çəkilib. Tural Məmmədovun ideya müəllifliyi əsasında rejissor Mayis Zeynalovun çəkdiyi “50 ilin sehri” adlı sənədli filmdə “Sehrli xalat”da çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçıları yenidən həmin dövrə səyahət etməyə imkan yaradır. Sənədli filmdə “Sehrli xalat”da oynamış Solmaz Hətəmova, Yusif Şeyxov, Almaz Mustafayevanın çəkilişlər haqqında xatirələri səslənir, ekran əsərinin rejissoru Əlisəttar Atakişiyev, Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Hüseynağa Sadıxov, Anatoli Falkoviç kimi məşhur aktyorlar yad edilir.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 15.