Hamamönü - qədim Ankaranın tarixi məkanı

 

Türkiyənin İstanbuldan sonra ikinci böyük meqapolisi olan Ankaranın səs-küyündən, tıxaclarından, qələbəliyindən uzaqlaşıb, daha sakit məkan arayanlar üçün Hamamönünə (Qədim Ankara) getmək ən gözəl seçimdir. Şəhər sakinləri bu mənzərəni belə təsvir edir: Ankaranın Ankarada olduğunuzu hiss etdirməyən nadir yerlərdən biri. Məkanın bu özəlliklərinə şahid olmaq marağı ilə biz də yolumuzu buradan saldıq. Və ilk təəssürat: deyilən qədər varmış.

 

XIX əsr şəhərinin atmosferi

 

Hamamönü adı oğuz türklərinin Bayandur boyu bəylərindən Karaça bəyin tikdirdiyi cüt hamamdan (qadın və kişi hamamları) götürülüb. İnşası 1440-cı ildə tamamlanan hamam bərpa edilərək bu gün istifadə olunmaqdadır. Qədim şəhərə giriş müxtəlif turist qruplarının toplaşdığı, mərkəzində böyük saat qülləsi ucaldılan meydandan başlayır. Tarixi saat qülləsinin önündə Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ersoyun heykəli ucalır.

Ankaranın Altındağ rayonunda yerləşən Hamamönünün əsas tikililəri və memarlığı XIX əsrə təsadüf edir. Altındağ Bələdiyyəsi tarixi memarlığa toxunmadan onu yenidən bərpa edib. Sayı o qədər də çox olmayan, bəzən bayır divarları asma çiçəklərlə bəzədilən tarixi evlər, qədim əl işləri, bu gün demək olar ki, tarixə qovuşan köhnə radioqəbuledici, patefonlar təklif edən satış məkanları, müxtəlif türk qəhvələri və zəngin türk mətbəxindən dadmaq imkanı verən kafelər qədim şəhərə xüsusi ab-hava verir. Bir sözlə, bu məkan insanda XIX əsr Osmanlı şəhəri atmosferi yaşadır.

Hamamönü Ankarada mədəni turizmin əsas məkandır. Tikililərin orijinal gözəlliyini saxlamaq, sakinlərdə keçmişə maraq oyatmaq və eyni zamanda onu turistlər üçün maraqlı məkana çevirmək üçün bərpa işləri xüsusi diqqətlə aparılıb. Hamamönü həm də “Ankara keçmişi olmayan şəhərdir” sindromunu alt-üst edən bir yerdir.

 

Unudulmaz Ramazan axşamları

 

Dolanbac küçələrdən birində insan ruhunu oxşayan ney səsini daha yaxından dinləmək istəyi isə məni Altındağ Mədəniyyət və Sənət Mərkəzinə gətirdi. Darvazalı həyəti olan mərkəz iki mərtəbədən ibarətdir. Qapı qarşısında “Neyhanə” yazılmış elandan da bəlli olur ki, burada həm də qədim musiqi alətlərində ifa dərsləri verilir. Türk musiqi sənətçisi Ömər Faruk Kəskinin sözlərinə görə, məqsəd bu alətlərin unudulmaması və gələcək nəsillərə ötürülməsidir. Hazırda qədim musiqi alətləri olan ud, tənbur, klassik kamança və xüsusilə də, neyə nəinki türklər, Türkiyədə yaşayan digər xalqların nümayəndələri arasında da maraq artıb.

Həyətin yuxarı hissəsində açıq havada oturacaqları olan kiçik kinoteatr da diqqətimdən yayınmır. Öyrənirəm ki, Hamamönü özünün ən çox qonaq-qaralı dövrünü yay aylarında və Ramazan günlərində yaşayır. İnsanlar taxta oturacaqlarda əyləşib köhnə türk filmlərini və xalq tamaşalarını izləyirlər. Bundan başqa, küçə musiqiləri, keçmiş Osmanlı tədbirləri, müxtəlif qəhvəxanalarda təşkil edilən əyləncələr də Hamamönünün ənənələri sırasında yer almaqdadır. Ramazan ayında burada kütləvi iftar proqramları düzənlənir, təsəvvüf musiqisi səslənir, səma rəqsi tamaşaları göstərilir, şeirlər oxunur. Satıcılarla söhbət əsnasında bəlli olur ki, məhz həmin ayda həm də burada səyyar satışla məşğul olan insanların əvvəlki aylara nisbətən gəlirləri artır. Ramazan bərəkəti ilə Hamamönü Ankaranın cazibə mərkəzinə çevrilir.

 

Küçə incəsənəti layihəsi

 

Təxminən on il əvvələ qədər Hamamönü o qədər də yaxşı vəziyyətdə olmayıb. Altındağ Bələdiyyəsinin 2006-cı ildə başlatdığı təmir-bərpa işləri nəticəsində Səlcuqlar dövrünə aid məscidlər də daxil olmaqla 250 obyekt bərpa edilib. Məkana daxil olan 33 obyekt Mədəniyyət və Təbii İrsin Qorunması Komitəsində qeydiyyata alınıb. 2011-ci ildə isə Hamamönü “Avropanın seçilmiş turizm məkanları” siyahısına daxil edilib. Bir sözlə, bu qədim şəhər hazırda yerli sakinlər və turistlərin zövq ala biləcəyi populyar tarixi məkandır.

Hamamönüdə Altındağ Bələdiyyəsi və Hacıtəpə Universitetinin əməkdaşlığı əsasında küçə incəsənəti ənənələri də yaşadılır. Bərpa edilmiş 22 evdə əl işlərinin hazırlanması və satışı təşkil edilib. İki mərtəbədən ibarət olan bu evlərin yuxarı mərtəbəsi adətən emalatxana kimi fəaliyyət göstərir. Birinci mərtəbədə isə müxtəlif əl işləri satılır. Burada toxuma, boyunbağı, sırğa, örtüklər, bəzəkli əşyalar, ev aksesuarları və s. satılır.

Küçə incəsənətinin başqa bir aspekti də müxtəlif mədəniyyətlərə aid olan canlı musiqi ifalarıdır ki, bu da xarici ölkələrdən də gələn turistlərdə maraq oyadır. Qədim lampalar asılmış küçələrdə hər addımda səyyar satıcılara rast gəlmək mümkündür. Hamamönündə uğurla gerçəkləşdirilən küçə incəsənəti layihəsi bir tərəfdən gəlir gətirməklə yanaşı, digər tərəfdən də onun tanınmasına, canlı qədim şəhər həyatı funksiyasına xidmət edir.

 

Tarixin yaşadığı yerlər

 

Qeyd etdiyimiz kimi, Hamamönü Ankaranın ən qədim hissəsində yerləşir. Bu baxımdan burada XIX əsirdən daha çox əvvələ aid abidələrə rast gəlmək olur. XV əsrə aid Tacəddin məscidi, Karacabəy, Hacı Musa məscidləri bu qəbildəndir. 1783-cü ildə inşa edilən bulaq kompleksi bu gün də istifadə olunmaqdadır.

Buradakı tarixi imarətlərdə - Kamil Paşa, Beynamlizadə, Kabakçı adı ilə məşhur olan evlərdə Osmanlı imperiyasının son paşaları yaşayıb. Beynamlizadə Hacı Mustafa Əfəndi (1866-1931) iki dəfə Ankara millət vəkili seçilib və ailəsi ilə birlikdə burada yaşayıb.

Hamamönü məhəlləsinin ən məşhur sakinlərindən biri isə, heç şübhəsiz, böyük şair Mehmet Akif Ersoydur. Onun yaşadığı ev indi muzey kimi fəaliyyət göstərir. Ev-muzeyin yanında İstiqlal və ya Mehmet Akif Ersoy parkı yerləşir. Geniş sahəsi olan park insanların istirahət məkanına çevrilib. Hamamönünün ziyarəti də bu evdə bitir. Beləliklə, insan ruhunu sakitləşdirən, hər addımında onda daha çox maraq oyadan, Osmanlı tarixinin XIX əsr şəhər mədəniyyətinin yadigarı olan bu məkanı zəngin təəssüratla tərk edirik.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 13.