Vaqif Bəhmənli ömrünün illəri və əsərləri

 

Tanınmış şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin 60 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunan “Vaqif Bəhmənli. Biblioqrafiya” kitabı çapdan çıxıb. Nəşrin tərtibçiləri Rəna Orucəliyeva, Cəlalə Məmmədova, buraxılışa məsul Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

Kitaba ön söz yazan AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Vaqif Bəhmənlinin yaradıcılığından bəhs edir, poeziyasının özünəməxsusluğunu vurğulayır: “Vaqifin, demək olar ki, hər bir şeirinin “pasport”u var - ya mövzudan, ya ideya-məzmundan, ya dil-üslubdan, yaxud intonasiyadan, ya da (çox zaman!) hər üçündən bilirsən ki, müəllifin əhvalı necədi. Və bu mənada Vaqif Bəhmənli poeziyasına həmin poeziyanı yaradanın əhval-ruhiyyəsinin, ruhunun, düşüncələrinin ritminin tərcümeyi-halı (kardioqramı!) kimi də baxmaq olar. Çünki o, Sözdə yaşayır...”

Biblioqrafik nəşrdə Vaqif Bəhmənlinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında zəngin məlumat toplanıb. Kitabda şairin Azərbaycan və digər dillərdə işıq üzü görən əsərləri - poeziyası, publisistik məqalələri, tərcümələri, tərtibçisi və redaktoru olduğu, ön söz yazdığı kitablar və haqqında dərc olunmuş materialların geniş biblioqrafiyası yer alıb. Kitab ədəbiyyatşünaslar, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Mədəniyyət.-  2015.- 23 oktyabr.- S.  11.