Azərbaycanın hərb salnaməsində unudulmaz iz

 

Səməd bəy Mehmandarov - 160

 

Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarovun (1855-1931) Azərbaycan tarixində özünəməxsus yeri var. Bu il general Mehmandarovun 160 illik yubileyidir. Prezident İlham Əliyevin bununla bağlı 2015-ci il 29 sentyabr tarixində imzaladığı sərəncamda qeyd olunur ki, general döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin milli zəmin üzərində həyata keçirilməsi, konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.

 

Şuşanın məşhur Mehmandarovlar nəslindən olan Səməd bəy atasının hərbi xidmətdə olduğu Lənkəranda dünyaya gəlib. Səməd bəy Mehmandarov hərbçi kimi ömür yolu üç dövlət quruluşuna, üç siyasi dövrə təsadüf edib. O, çar Rusiyası ordusunda diviziya komandiri olub, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri işləyib. Sovetləşmədən sonra isə Bakıda Hərbi Komandirlər Məktəbində dərs deyib.

Birinci Dünya müharibəsində iki ildən çox korpus komandanı olan S.Mehmandarov döyüşləri o qədər məharətlə aparır ki, ikinci Qafqaz ordu korpusu “General Mehmandarovun qrupu” kimi şöhrət qazanır. 1904-cü ildə general-mayor, 1908-ci ildə general-leytenant, 1915-ci ildə tam artilleriya generalı rütbəsi alan Mehmandarov çar ordusunda bu rütbəyə yüksələn ilk azərbaycanlı idi.

Hərb tarixçisi, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli “Azərbaycan generalları” kitabında yazır: “Bakıda, (1871-ci il) Mehmandarovlar ailəsində Sadıq bəy oğlunun orta təhsil alması münasibətilə bir şadlıq məclisi qurulur. Qarabağdan adlı-sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa gəlirlər. Gecədən xeyli keçənə qədər davam edən məclisdən hamı deyə-gülə ayrılır. Uzaqdan gələn yaxın qohumlar isə ailəvi söhbəti davam etdirirlər... Səməd bəy də içəri keçir. Ədəb-ərkanla salam verib stolun aşağı tərəfində, qohumlarının hüzurunda müntəzir dayanır. Söhbətin nə yerdə olduğunu bilir və susur...

- Hə, dillən, oğul, qonaqları, əmini intizarda qoyma. Bəs bundan sonra nə etmək istəyirsən?

- Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm. Sadıq bəy hərbiyyə sözünü eşidib yerində qurcalandı. Təəccüb və heyrətlə:

- Hara dedin, oğul?..

- Səməd bəy otaqdan çıxanda Xanı bəy üzrxahlıq edib Sadıq bəyə təsəlli verir:

- Əmioğlu, uşağın arzusuna qarşı çıxma!..

Sadıq bəy hirslə:

- Yava-yava danışma, mənim on beş oğlum yoxdur ki, birinin də başından keçib rusa verəm...

- Rusa niyə verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis qarnizonlarından birində xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq...”

S.Mehmandarov 1875-ci ildə Sankt-Peterburqdakı II Konstantinovka artilleriya məktəbini bitirir. Hərbi karyerasına 1876-cı ildə birinci Türküstan artilleriya briqadasının batareya komandiri kimi başlayır. Kokand xanlığının fəthində iştirakına görə ilk hərbi mükafata - III dərəcəli “Stanislav” ordeninə layiq görülür. 1894-cü ildə Varşava hərbi dairəsinə, sonra isə komandiri olacağı Zabaykalye artilleriya divizionuna keçirilir.

Polkovnik S.Mehmandarovun artilleriya divizionu 1902-ci ildə Mancuriya ərazisində öz xidməti borcunu yerinə yetirərkən “Siyan-Sin rayonunda yapon agentləri - xunxuzların quldur dəstələrini ləğv etmək” tapşırığı alır. Tapşırığı uğurla icra edən S.Mehmandarov III dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif olunur.

Görkəmli hərbi xadim Əliağa Şıxlinski xatirələrində yazır: “Səməd bəy Mehmandarov bizdən ayrı olduğu müddətdə batareyaya mən komandanlıq etdim. O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu və çox razı qaldı... Batareyanı qəbul edərkən bütün dəftərlərə və pulun qəbul edilməsi aktına qol çəkdi. Amma pulları saymadı. Təəccüb edərək, pulları niyə saymadığını soruşdum. O, gülümsəyərək:

- Siz ki, saymısınız, mənim saymağıma ehtiyac yoxdur. Həmişəki kimi, indi də, papağı başına, açarı cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox təəccüb etdilər. Mən onlara başa saldım ki, S.Mehmandarov kimi insanlar adama birdəfəlik inanırlar...”

 

Port-Artur döyüşlərində

 

1904-cü ildə rus-yapon müharibəsi başlananda S.Mehmandarovun 48 yaşı vardı. Yanvarın 26-da gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edir. Səhəri gün quru qoşunların komandanı, general-mayor Roman Kondratenkonun əmri ilə S.Mehmandarov şərq cəbhəsinin, yeddinci Sibir atıcı topçu diviziyasının komandiri təyin edilir və Port-Arturun müdafiəsi ona həvalə olunur. Yaponlar şiddətli həmlələr edir və arasıkəsilmədən bombalar yağdırırlar. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən S.Mehmandarov sərrast atəşlə samurayların hücumunu dəf edir. Onun ən ağır döyüşdə belə özünü itirmədiyinin şahidi olan Ə.Şıxlinski yazır: “Oktyabrın 14-də qala top atəşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Mövqe yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulurdu. Bu zaman S.Mehmandarovun yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünə töküldü. Amma o, yaralanmadı. Böyük bir soyuqqanlılıqla cibindən ağ dəsmalını çıxartdı və təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı...”

Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurur. Müdafiəçilərin inadlı müqavimətinə baxmayaraq, qalanın bir neçə mühüm fortları tutulur və general R.Kondratenko həlak olur. General Fok komandan təyin edilir. 16 gündən sonra yaponlar qalanın taleyini həll edən “Əjdaha dağı”nı da ələ keçirir. Port-Arturun qorxaq və istedadsız komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırır. Şurada iştirak edən bəzi komandirlər təkliflə razılaşırlar. Lakin S.Mehmandarov, polkovnik Semyonov və bir qrup zabit təslim olmağa qəti etiraz edirlər... Yaponların şərtlərinə görə əsgərlər əsir alınır, zabitlər isə Yaponiyaya qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. S.Mehmandarov zabit şərəfini təhqir edən bu vəddən boyun qaçırır. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə dilindən iltizam vermədiyinə görə əsir alınır və Yaponiyaya göndərilir. O, 1906-cı ildə Portsmut müqaviləsi bağlandıqdan sonra Rusiyaya qayıda bilir.

 

Birinci Dünya müharibəsində

 

O, Rusiyaya qayıtdıqdan sonra yeddinci Şərqi Sibir artilleriya briqadasının komandanı təyin edilir. Birinci Dünya müharibəsi başlananda Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı olur. Qızğın müharibə illərində bir neçə uğurlu hərbi əməliyyat yerinə yetirir və istedadlı sərkərdə kimi ad-san qazanır. 1914-cü ildə Lodz əməliyyatı ona xüsusilə şöhrət gətirir. Belə ki, alman generalı Makenzenin qoşunları İvanqorod şəhərini alır. Sürətlə Lodz şəhəri istiqamətində hücuma keçir. Geri çəkilən rus qoşunları çox ağır vəziyyətə düşür, almanlar onları mühasirəyə almağa cəhd edirlər. Korpus komandanı bölmənin müqəddəratı üçün təşvişə düşür. Dərhal S.Mehmandarova diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər verir. O, telefonda komandirlərə hücuma keçdiyini bildirir. Rus ordusunun geri çəkildiyi bir vaxtda S.Mehmandarovun diviziyası düşmənə ağır zərbə vurub və onu geri oturdur. Üçgünlük ağır döyüşdən sonra İvanqorod şəhərinin hüdudlarına çatır və əks həmlə edir. Bu döyüşdəki müvəffəqiyyətinə görə S.Mehmandarova tam artilleriya generalı rütbəsi verilir, ikinci Qafqaz ordu korpusuna komandan təyin edilir...

 

Milli Ordu quruculuğu

 

Şəmistan Nəzirlinin araşdırmasında qeyd olunur ki, Şimali Qafqazda sovet hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən S.Mehmandarov Bakıya gəlir. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edir və general S.Mehmandarov nazir təyin olunur.

Müdafiə naziri kimi əsgəri qüvvəsi olmayan xalq üçün qısa vaxtda nizami ordu yaratmağın necə çətin olduğunu göz önünə gətirir. Tərəddüdlər, şübhələr altmış iki yaşlı ixtiyar generalı düşündürür. Amma qəlbindəki inam, vətənpərvərlik hissi hər şeydən güclü olur. 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabitlər qarşısında ata nəsihətli çıxışı, güclü Vətən təəssübkeşliyi qırx minə yaxın əsgəri olan nizami ordu yaratmaqla nəticələnir. S.Mehmandarov ilk hərbi nümayişin keçirilməsini, hərbi məktəblərin açılmasını, hərbi geyim formasının təşkilini və başqa gərəkli işləri həyata keçirir. İl yarım fəaliyyətdə olan Azərbaycan ordusu Lənkəranda bolşeviklərin üsyanını yatırır, Zəngəzur və Qarabağda (Əsgəranda) erməniləri məğlubiyyətə uğradır.

General Səməd bəy Mehmandarov 1931-ci il fevralın 12-də Bakıda vəfat edib, Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. 1939-cu ildə bolşevik Sergey Kirova heykəl qoyulanda qəbiristanlığın köçürülməsi qərara alınır. Həmin vaxt generalın ailəsi sürgündə olur. Qəbir başqa yerə köçürülmədiyindən dağıdılır...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 10.