Argentinada Azərbaycanın
turizm imkanlarının təqdimatı
Ölkəmizin
Argentinadakı səfirliyi tərəfindən “Odlar diyarı
Azərbaycan: minillik mədəniyyət, müxtəliflik,
arxitektura, müasirlik” mövzusunda təqdimat keçirilib. Tədbirdə
Azərbaycanın turizm imkanları barədə məlumat
verilib.
Səfirlikdən bildiriblər ki, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin təşkilati dəstək verdiyi tədbirə Argentina Turizm Nazirliyinin, ölkənin aparıcı tur operatorlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskes tədbirdə çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, mədəni müxtəlifliyi, milli mətbəxi, turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açılıb.
Son illərdə Argentinadan Türkiyəyə turist axının artığı diqqətə çatdırılıb və bu baxımdan Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.
Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mətbəximiz təqdim edilib, ölkəmizlə bağlı ispan və ingilis dillərində hazırlanmış broşürlər və məlumat kitabçaları iştirakçılara paylanıb.
Tədbirin davamı olaraq Argentinanın
aparıcı tur operatorlarından ibarət nümayəndə
heyətinin Azərbaycanın turizm potensialı ilə
tanış olmaları üçün ölkəmizə səfəri
nəzərdə tutulur.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 9.