Naxçıvanda kulinariya turizmi üçün gözəl zəmin var

 

Ölkəmizin hər bir regionu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti var. Naxçıvan mətbəxinin zənginliyi muxtar respublikada kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.

Bu fikirlər muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin 20 oktyabr - Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbirində səslənib.

Nazirlik Aparatının rəhbəri Gülbuta Babayeva müstəqillik dövründə Azərbaycan kulinariyasının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da milli mətbəxin təbliğinə ciddi fikir verilir. Azərbaycanın bölgələri arasında ilk dəfə 2009-cu ildə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılıb.

Tədbirdə mərkəzin direktoru Səyyarə Sadıxova “Azərbaycan kulinariyası” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Milli mətbəx mədəniyyətimiz coğrafi baxımdan tarixən geniş bir arealda yayılıb, azərbaycanlıların qədimdən yaşadıqları əraziləri əhatə edib. Xalqımızın kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi, təbliği və tanıdılması məqsədilə yaradılan “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi ötən dövr ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərir. Mərkəzə hərtərəfli şərait yaradılıb.

Tədbirin sonunda “Azərbaycan mətbəxi” adlı tanıtım filmi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 9.