Teatr əlaqələri genişlənir

 

Professor İsrafil İsrafilov: “Azərbaycan teatrı türkdilli ölkələrin teatrları içində ən qabaqcıl mövqedədir”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 8-dən 10-dək Türkmənistanın Marı şəhərində “Türk Dünyası Mədəniyyət Paytaxtı - 2015” ili çərçivəsində TÜRKSOY-a üzv ölkələrin Teatr Direktorları Baş Şurasının 4-cü toplantısı keçirilib.

 

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov da iştirak edib.

Təəssüratlarını bizimlə bölüşən İsrafil İsrafilov artıq dördüncü dəfə bu formatda toplantının keçirildiyini bildirdi: “Bu dəfə gündəlikdə türkdilli ölkələrin teatrlarının yaradıcılıq əlaqələri, təşkilati işlər, mütəxəssis mübadiləsi və s. məsələlər var idi. Təbii ki, bu ölkələrin teatrlarının inkişaf səviyyəsi və qarşıda duran yaradıcılıq məsələləri eyni deyil. Bununla bağlı fikir mübadiləsi apardıq, qarşılıqlı qastrollar, birgə seminar və konfransların təşkili məsələlərini nəzərdən keçirdik”.

Milli Dram Teatrının direktoru toplantıda türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib: “Məruzədə irəli sürülən məsələlərin aktuallığı ilə bağlı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər ölkələrin teatr rəhbərləri həmrəy olduqlarını bildirdilər. Toplantının yekun sənədində türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb”.

İsrafil İsrafilov bu kontekstdə Akademik Milli Dram Teatrının mübadilə məsələlərinin hansından istifadə edə biləcəyindən də söz açdı: “Bilirsiniz ki, bir neçə il əvvəl teatrımızın binası tamamilə yeniləndi. Bu gün bizim teatr texniki təchizat imkanlarına görə fəxr ediləsi mövqedədir. Türkdilli dövlətlərin teatr rəhbərləri ilə ünsiyyət zamanı mən bir şeyi özüm üçün dəqiq müəyyən etdim ki, Azərbaycan ədəbiyyatı, dramaturgiyası daha zəngindir. Təsadüfü deyil ki, bu əsərlərin bir qismini onlara göndərməyi bizdən xahiş etdilər. Artıq bu işlərlə məşğul olmağa başlamışam. Mirzə Fətəli Axundzadədən başlamış klassik ədəbi materiallarımızı, o cümlədən müasir dramaturqlardan Afaq Məsudun, Kamal Abdullanın, Hüseynbala Mirələmovun əsərlərini elektron poçt vasitəsi ilə bir neçə teatra göndərdik. Məsələn, Altay, Xakasiya, Tuva, Tatarıstan, Başqırdıstan və s. teatrlarının bu materiallara ehtiyac duyduğu görünür. Bundan başqa, həmin teatrlarda rejissor qıtlığı var. Digər ölkələrlə müqayisə edəndə bizdə fərdi keyfiyyətləri, yaradıcı dəst-xətləri, üslub və yaradıcı simaları olan rejissorlar çoxdur. Onların bacarığından istifadə etməyi düşünürlər. Biz də digər teatrlardan səhnə tərtibatı ilə bağlı mütəxəssislər cəlb etmək istəyirik. Teatrda texniki qurğuların istismarı ilə bağlı mütəxəssislərin təcrübə mübadiləsini, yaxın əməkdaşlığı planlaşdırırıq”.

Həmsöhbətim qeyd edir ki, toplantıda ortaya qoyulan məsələlərdən biri də teatrşünaslığın praktik teatr həyatı ilə bağlılığı məsələsi idi. Bu xüsusda belə bir fikir vurğulanıb ki, teatrşünaslıq teatr prosesi ilə fəal şəkildə məşğul olmur: “Təbii ki, bizim özümüzün də bununla bağlı çətinliklərimiz az deyil. Azərbaycanda xeyli sayda dissertasiya müdafiə edən insanlarımız var, amma praktik teatrla əməkdaşlıq edənlərin sayı, təəssüf ki, azdır. Görüş haqqında ümumən onu deyə bilərəm ki, artıq türkdilli ölkələrin teatrları bir-biri ilə fəal yaradıcılıq münasibətləri qurmağa, daha sıx dostluq əlaqələri yaratmağa hazırdırlar”.

Toplantı iştirakçıları Marı vilayət teatrında türkdilli ölkələrin teatrlarının tamaşalarından parçaları izləyiblər. Professor İ.İsrafilov baxdığı səhnə nümunələrində onu qane etməyən məqamlara da toxundu: “Nəzəriyyəçi kimi yanaşsam, əlbəttə, zəif cəhətlər var idi və biz onu gizlətmədik, bir-birimizə açıq şəkildə dedik. Tamaşaların mövzuları, rejissor yozumu, quruluş, aktyor ifaçılıq texnikası şəxsən mənim gözlədiyimdən zəif idi”.

Teatr direktoru müqayisə apardıqda ümumən Azərbaycan teatrının həm nəzəri, həm də praktik baxımdan irəlidə olduğu qənaətindədir: “Məsələn, Qazaxıstan teatrında çox maraqlı işlər var. İstər eksperiment xarakterli, istər klassik özünüifadə imkanları baxımından çox maraqlı tamaşalar hazırlanır. Türkiyədə fəaliyyət göstərən 60-dan çox teatrın hər birinin özünəməxsus siması var. Amma küll halında götürəndə Azərbaycan teatrının zənginliyini daha yüksək və qabaqcıl görürəm. Çünki Azərbaycan teatrı Avropa, rus və Şərq teatrından çox bəhrələnib. Zənginlik bəhrələnmədən irəli gəlir və bizim bəhrələnməmiz yerinə düşüb. Teatr tarixi boyu Azərbaycanda çox maraqlı və istedadlı aktyor və rejissor nəsli yetişib. Azərbaycan dramaturgiyası onun ədəbiyyatı kimi çox zəngindir”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 7.