Beş rayonu əhatə edən arxeoloji turizm infoturu başa çatıb

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə turizm şirkətləri və media nümayəndələrinin iştirakı ilə infotur keçirilib.

 

19-21 oktyabr tarixində gerçəkləşən infoturun iştirakçıları əvvəlcə qədim Qəbələ şəhər yeri (Çuxur Qəbələ), Şəkidə arxeoloji turizm məkanları və Tovuz rayonundakı Göytəpə qədim yaşayış məskəni ilə tanış olublar. Səfərin son günü Şəmkir və Ağsuda keçib.

Orta əsr qədim Şəmkir qala şəhəri ilə tanış olan iştirakçılara ekspedisiyanın üzvü Rəşid Bəşirov məlumat verib. Bildirilib ki, Şəmkir arxeoloji ekspedisiyası 2006-cı ildə kəşfiyyat, 2007-ci ildə isə stasionar arxeoloji qazıntıya başlayıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tarix Dostiyevin rəhbərliyi ilə keçirilən ekspedisiya nəticəsində 9 sahədə qazıntı işləri görülüb.

Qazıntı əsasən Şəmkirdə orta əsrlərdə Azərbaycan şəhər sakinlərinin yaşayış tərzini, sənətkarlığın və memarlığın səviyyəsini öyrənmək istiqamətində aparılır. Şəmkir abidəsində memarlıq üslubu Aran memarlıq üslubuna aiddir. 30 hektarı əhatə edən şəhər üç hissədən (narınqala, şəhristan və rabat) ibarətdir. VI əsrdən şəhər kimi mövcud olub, əsas inkişaf mərhələsi XI-XII əsrlərə - Şəddadilər və Atabəylər dövrünə aiddir. Şəhər 1231-ci ildə monqol yürüşləri zamanı süquta uğrayıb. Ərazidə qalanın digər qalıqlarını aşkarlamaq məqsədilə qazıntılar davam etdirilir.

İnfoturun sonuncu ünvanı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi olub. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib. Bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərliyi ilə abidədə genişmiqyaslı tədqiqatlar aparılıb.

Ağsu XVIII əsrdə əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhərlərindən olub. 1735-ci ildə Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə çox əhəmiyyətli iqamətgah sayılıb. Şəhərin dörd bir tərəfinə çəkilən qala divarı çiy kərpicdən tikilib. Burada tədqiqatlar 1983-cü ildə başlanılıb. Hazırda ərazidə ümumilikdə 7 qazıntı sahəsi var. 40 hektar ərazini əhatə edən şəhər qalıqlarının cəmi 1,5 hektar ərazisi öyrənilib. Qazıntı sahələrində aşkar olunan anbar-buzxana, məscid, meydan, sənətkarlıq emalatxanası, şimal qala divarları və hamam kompleksi barədə ətraflı məlumat verilib.

Bununla da “Azərbaycanda arxeoloji turizm” infoturu başa çatıb.

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 6.