Kitabxanaların fəaliyyəti
günün müasir tələblərinə cavab verməlidir
Gəncə şəhərində kitabxana işçilərinin Gəncə-Qazax zonası üzrə müşavirəsi keçirilib
Oktyabrın 21-də
Gəncə şəhərindəki Məhsəti Gəncəvi
Mərkəzində mədəniyyət və turizm nazirinin
birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə
kitabxana işçilərinin Gəncə-Qazax zonası
üzrə müşavirəsi keçirildi. Tədbirdə Gəncə,
Mingəçevir, Naftalan, Yevlax şəhərləri, Qazax,
Ağstafa, Goranboy, Daşkəsən, Gədəbəy,
Göygöl, Kəlbəcər, Samux, Şəmkir və
Tovuz rayonlarının kitabxanaçıları iştirak
edirdi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev əvvəlcə Məhsəti Gəncəvi Mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, milli musiqi alətləri, Məhsəti Gəncəvi dövrünə aid milli qadın geyim nümunələri nümayiş olunur. Elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Mərkəzdən Məhsəti Gəncəvinin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycanın görkəmli şair və mütəfəkkirləri və musiqisi haqqında geniş məlumatlar əldə etmək mümkündür.
* * *
Müşavirə müasir dövrdə kitabxanaların rolu, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi və digər aktual məsələlərə həsr olunmuşdu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi. Qeyd olundu ki, kitabxana sahəsinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla bağlı müvafiq dövlət proqramı və layihələr həyata keçirilir.
Eyni zamanda yerlərdə kitabxanaların işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı çatışmazlıqlar, problemlər qalmaqdadır: “Bu gün qloballaşan dünyada informasiya vasitələrinin inkişafı, məlumatların daha sürətlə yayılması ilə bağlı elektron kitabxana sistemləri formalaşır. Ölkəmizdə də bu proses gedir. Kitabxanalarımızın fəaliyyəti günün müasir tələblərinə cavab verməlidir. Bu sahədə işimizi günün müasir tələbləri səviyyəsində qurmalı, kitabxanaların geniş ictimai maraq doğuran mədəniyyət ocaqları kimi əvvəlki imicinin geri qaytarılmasına, onların yeni reallıqlara uyğun informasiya təminatını həyata keçirməsinə nail olmalıyıq”.
Vaqif Əliyev elektron informasiya dövründə kitabxanalara gələnlərin sayının az olması səbəblərinə də toxunaraq bildirdi ki, bu təkcə Azərbaycan kitabxanalarının deyil, ümumilikdə dünya kitabxanalarının üzləşdiyi reallıqdır: “Bunun bir çox səbəbləri var. Başlıca səbəbi isə elektron informasiya vasitələrinin sürətlə inkişafı, həyatımıza daxil olmasıdır. Eyni zamanda bu imkanlar elektron kitabxanalar vasitəsilə insanların daha rahat şəkildə kitablara çıxışını təmin edir. Bu məqsədlə biz də Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi - ALISA-nı yaratmışıq. Bu sahədə işlərin daha da sürətləndirilməsinə ehtiyac var”.
Vaqif Əliyev regionlarda yerləşən kitabxanalarda ixtisaslı və alitəhsilli kadrların az olmasının da narahatedici məqam olduğunu vurğuladı. Bildirildi ki, yerlərdə kitabxana rəhbərləri bölgədən olan alitəhsilli gənclərin işə cəlb edilməsinə şərait yaratmalıdır. Belə olan halda qarşıda duran vacib məsələlərin öhdəsindən gəlmək daha asan olar.
* * *
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Gəncə-Qazax zonasında yerləşən 14 şəhər və rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində olan kitab fondları, görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Slayd vasitəsilə mövcud vəziyyəti əyani təqdim etdi, eyni zamanda mövcud çatışmazlıqlar barədə danışdı. Kitabxanalarda hərbi-vətənpərvərlik mövzusunda, Milli Qəhrəmanlar haqqında tədbirlərin, elm və dövlət xadimlərinin yubileyləri, mütaliə həftəsi, şair və yazıçılarla görüşlərin keçirildiyi diqqətə çatdırıldı. Sektor müdiri kitabxana işçilərini dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyalarının, bayram və anım günlərinin, ədəbi-bədii gecələrin keçirilməsində daha fəal olmağa çağırdı.
Müşavirədə “Tələbə və gənclərə kitabxana xidmətinin yüksək səviyyədə göstərilməsi”, “Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi vacib amillərdən biridir”, “Nağıl otağı” - uşaqların sevimli məkanı”, “Kitabxana filiallarında oxuculara xidmət işinin təşkili”, “Kitabxanalar maraqlı tədbirlər məkanı kimi”, “Kitabxana xidmətində internet və elektron resursların rolu”, “Kənd kitabxana filiallarında oxucularla aparılan işin xüsusiyyətləri” mövzularında müzakirələr aparıldı.
Gəncə MKS-nin direktoru Elmira Əliyeva, Qazax MKS-nin direktoru Solmaz Babanlı, Ağstafa MKS-nin direktoru İradə Namazova və başqaları çıxış edərək görülən işlər və mövcud çatışmazlıqlardan danışdılar. Bu kontekstdə fikir və təcrübə mübadiləsi aparıldı.
* * *
Sonra Azərbaycan kitabxanalarını vahid şəbəkədə birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) təqdimatı keçirildi. “Ultra” şirkətinin əməkdaşı Sərxan Məmmədov sistem haqqında ətraflı məlumat verdi. Bildirdi ki, sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir. Sistemdən istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri də nəzərdən keçirildi.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALISA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının əməkdaşları üçün keçirilən silsilə treninqlər barədə danışdı.
Müşavirəyə yekun vuran Vaqif Əliyev mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 5.
Mədəniyyət.- 2015.- 23
oktyabr.- S. 5.