Rəqs sənətimizin parlaq siması

 

Oktyabrın 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli rəqqas, baletmeyster, Xalq artisti Əlibaba Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirildi.

 

Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın həyat və yaradıcılıq yolundan danışdı. Qeyd olundu ki, peşəkar rəqs məktəbimizin formalaşması, rəqslərimizin toplanması, işlənib səhnəyə qoyulması Əlibaba Abdullayevin adı ilə bağlıdır. O, 1915-ci ildə Bakıda dünyaya göz açıb. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının, 1941-ci ildən mahnı və rəqs ansamblının bədii rəhbəri olub. 1946-1947-ci illərdə Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərib. 1957-ci ildə Moskvada keçirilən tələbə gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb. “Nəlbəki” və “Vağzalı” rəqslərinin ilk quruluşu ona məxsusdur. Üzeyir Hacıbəyli onun haqqında yazıb: “Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır”.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə qeyd etdi ki, Əlibaba Abdullayevin sənəti Üzeyir bəyin rəhbərliyi və dəstəyi ilə kamilləşib və yaradıcılıq zirvəsinə çatıb. Tanınmış rəqqas Ü.Hacıbəyli, S.Ələsgərov, T.Quliyev, C.Cahangirov və başqa görkəmli bəstəkarlarla sıx əlaqədə işləyib. Qədim xalq rəqslərini toplayıb və onların oynaq ritmlərindən istifadə edib. “Çobanlar”, “Bənövşə”, “Bulaq başı”, “Bahar”, “Ay gözəl”, “Qazağı”, “Qaytağı”, “Gəlin tərifi”, “Nağaraçılar” və s. rəqslərə quruluş verib. O, eyni zamanda “Görüş”, “Dəli Kür”, “Əhməd haradadır?”, “Ulduzlar sönmür”, “Sehrli xalat” bədii və bir sıra sənədli filmlərdə rəqslərin quruluş müəllifidir.

Sənətkarın qızı Elmira Abdullayeva atası haqda yazdığı kitabı tədbir iştirakçılarına təqdim etdi. Bildirdi ki, kitab təkcə xatirə xarakteri daşımır, həm də sənədlər əsasında yazılıb və rəqs sənətimizin bəzi məqamlarına işıq tutur.

Əməkdar artist Aliyə Ramazanova, mahnı və rəqs ansamblının solisti Nisə Rəhimova, bəstəkar Nailə Mirməmmədli çıxışlarında Ə.Abdullayevin ifaçısı olduğu sənədli və rəqs quruluşu verdiyi bədii filmlərdən bəhs etdilər.

Sonda Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında konsert proqramı təqdim edildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 23 oktyabr.- S. 4.