Doqquz ölkənin muğam ifaçıları Bakıda yarışdılar

 

Uşaq muğam festivalının baş mükafatını Azərbaycan təmsilçisi qazandı

 

Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində “Kainat” Gənclik Mərkəzi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq Uşaq Muğam Festivalı keçirildi.

 

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək milli-mənəvi dəyərlərimizdən, muğam sənətinin inkişafına, yaradıcı gənclərə göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, artıq ənənəyə çevrilən bu festival öz coğrafiyasını genişləndirir. Builki festivala doqquz ölkənin (Azərbaycan, İraq, İran, Tacikistan, Misir, Özbəkistan, Türkiyə, Qazaxıstan, Yəmən) təmsilçiləri qatılıb.

“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə bildirdi ki, beynəlxalq festival ənənəvi respublika uşaq muğam festivalının davamıdır. “Kainat” Gənclik Mərkəzi 25 ildir fəaliyyət göstərir, beynəlxalq layihələr həyata keçirir və yeni-yeni layihələrə imza atır. Belə layihələrdən olan uşaq muğam festivalının artıq ölkəmizin mədəni həyatında öz yeri var. Seçim turları may ayında başlanan festivala final yarışması ilə yekun vurulur.

Əməkdar incəsənət xadimi Nazim Kazımov və digər çıxış edənlər vurğuladılar ki, festival iştirakçı ölkələrin uşaq və yeniyetmələrinin dünyada tanıdılmasına təkan verəcək.

Misir Mədəniyyət Mərkəzi və festivalın baş sponsoru “Paşa Bank” tərəfindən münsiflər heyətinə hədiyyələr verildi.

Sonra ifaçıların çıxışları oldu. Onların ifalarını Xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərliyi ilə Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət etdi.

Münsiflər heyəti tərəfindən iştirakçıların ifaları dinlənildikdən sonra qaliblər müəyyən edildi. Festivalın baş mükafatına (Qran-pri) Azərbaycan təmsilçisi Murad İbrahimov (“Şahnaz muğamı”) layiq görüldü. Digər mükafatlar belə bölündü: 1-ci yer - Kənan Bayramlı (Azərbaycan, “Qarabağ şikəstəsi”), 2-ci yer - Toxtasunov Tolijoy, Xusanboyeva Gülzoda (Özbəkistan, “Azərbaycan maralı”), 3-cü yer - Asmaa Eldessouki Abdelhak (Misir, xalq mahnısı) və Farbakhti Artan (İran, “Arazbarı”).

Həvəsləndirici mükafatlar: Mustafa Subhi Nurulddin (İraq), Gülçiroy Baxşullayeva (Özbəkistan), Ahmen Yehia Merdash Elsayed (Misir), Ali Şahin (Türkiyə), Dilnaz Janabayeva (Qazaxıstan).

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan “Repertuarına Azərbaycan muğamından parça əlavə etdiyinə görə” mükafatına Dilrabo Ubaydullayeva (Tacikistan), Təşkilat Komitəsinin “Festivalın ən kiçik iştirakçısı” mükafatına Mədinə Abdullayeva (Özbəkistan) layiq görüldülər.

Qaliblər diplom və hədiyyələrlə təltif olundular.

 

Savalan Fərəcov

 

Mədəniyyət.-  23 oktyabr.- S. 3.