Bakıda növbəti moda gecəsi

 

Azərbaycan, Türkiyə, Ukrayna və İspaniya modelyerlərinin geyim nümunələri nümayiş olunub

 

Oktyabrın 16-dan 18-dək “Excelsior Hotel & Spa Baku” hotelində “Bakı moda gecəsi” (“Baku Fashion Night”) keçirilib. Tədbir "FMS Models" məktəbi, "Excelsior Hotel & Spa Baku" hoteli və "ID FASHİON" telekanalı tərəfindən təşkil olunub. Bununla bağlı keçirilən mətbuat konfransında “Excelsior Hotel & Spa Baku” hotelinin baş meneceri Turhan Poyraz, "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova, dizayner, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, “İD FASHİON“ kanalının baş prodüseri Vasil Klumçik, məşhur ispan dizayneri Corco Dalmau və başqaları iştirak ediblər.

“FMS Models” məktəbinin rəhbəri Lyubov Quturova bildirib ki, “Bakı moda gecəsi” yaz-yay və payız-qış olaraq ildə iki dəfə keçirilən bir moda nümayişidir və artıq 4-cü dəfədir ki, keçirilir. Məqsəd moda nümayişinə marağı olan auditoriyanı yerli və xarici dizaynerlərin kolleksiyaları ilə tanış etməkdir. Layihənin baş sponsoru “Mersedes Benz Auto Capital” şirkətidir.

“Bakı moda gecəsi” çərçivəsində oktyabrın 16-da Əsli Cekson (Türkiyə), Veronika Vero (Ukrayna), Ülkər Hüseynova (Azərbaycan), ayın 17-də Fəxriyyə Xələfova, Günay Quliyeva və Güləbətin Əsgərova (Azərbaycan), oktyabrın 18-də məşhur ispan dizayneri Corco Dalmaunun moda nümunələri nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 21 oktyabr.- S. 16.