Ölkəmiz Daşkənddə və Bişkekdə keçirilən festivallarda təmsil olunub

 

Daşkənddə fəaliyyət göstərən ingilisdilli Beynəlxalq Məktəbdə BMT Günü ilə əlaqədar Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib. Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri iştirak ediblər. Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

Ölkəmizin guşəsində Azərbaycanın tarixi, bugünkü inkişafı, mədəni irsi ilə bağlı nəşrlər, müxtəlif jurnallar nümayiş etdirilib. Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub.

Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.

Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları da olub. AMM-in “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

* * *

Azərbaycanın Qırğızıstandakı səfirliyi isə Bişkekdə diplomatik xidmət əməkdaşlarının bayramı münasibətilə təşkil olunan “Beynəlxalq kulinariya və suvenirlər xeyriyyə festivalı”nda iştirak edib.

Festivala ABŞ, Türkiyə, Qazaxıstan, Hindistan, İtaliya, Çin, Kuba, Pakistan, Özbəkistan, Ukrayna səfirlikləri və bir sıra şirkətlərin nümayəndələri qatılıb.

Tədbirin əsas məqsədi Qırğızıstanın Milli Onkologiya Mərkəzinin uşaq şöbəsində xərçəngdən əziyyət çəkən uşaqlara maddi yardım göstərilməsidir.

Festivalda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında kitablar, jurnallar, bukletlər, həmçinin suvenirlər nümayiş etdirilib, qonaqlara milli mətbəximiz və şirniyyatlarımız təklif edilib. Tədbirdə aktiv iştirak etdiyinə görə Azərbaycan səfirliyinə təşəkkür məktubu təqdim olunub.

 

Mədəniyyət.- 2015.-  28 oktyabr.- S. 16.