Qara yellərin apardığı notlar...

 

Ötən əsrin 30-cu illərin qara yelləri mədəniyyət tariximizdə də kədərli səhifələr açıb. O dövrün qurbanları arasında musiqiçi Xədicə Qayıbova da var.

 

Xədicə Osman qızı Qayıbova 1893-cü ildə Tiflisdə doğulub. Atası şəhərdə tanınmış ruhani Osman Müftizadə, anası isə məşhur Terequlovlar nəslindən olub. O, erkən yaşlarından öz fərdi xüsusiyyəti ilə yoldaşlarından fərqlənir, musiqiyə marağı özünü büruzə verir. Oxuduğu “Müqəddəs Nina” qızlar məktəbində fortepiano təhsili də alır.

1911-ci ildə məktəbi müvəffəqiyyətlə başa vurur. Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu mühəndis Nadir Qayıbovla ailə qurur. Şəhərdə Azərbaycan məktəbində müəllim kimi işə düzəlir, bir müddət burada çalışır... 1919-cu ildə Bakıya köçürlər. Fortepiano ifaçısı kimi müxtəlif tədbirlərdə və konsertlərdə fortepianoda çıxışlar edir.

Azərbaycanda sovet hökuməti qurulandan sonra X.Qayıbova musiqi mədəniyyəti sahəsində daha aktiv fəaliyyət göstərməyə başlayır. Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin edilir. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil olunur, ayrı-ayrı məktəblərdə uşaq xoru yaradılır. 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq sənətinin sirlərini, musiqinin nəzəri məsələlərini mənimsəyir. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edir. Onun fəallığı sovet hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmır. 1933-cü ildə casusluqda ittiham olunur və üç ay müddətinə həbs edilir. Lakin heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.

Bundan sonrakı fəaliyyətini Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Elmi Tədqiqat Musiqi kabinetində davam etdirir. Burada xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Öz evini əsl musiqi mədəniyyəti ocağına çevirir. Burada mütəmadi olaraq musiqi məclisləri keçirir. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, xüsusilə Türkiyədən gələn alimlər, şairlər olub. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.

Tanınmış ictimai xadimə çevrilən Xədicə xanımı sevməyənlər, ona paxıllıq edənlər baş qaldırmağa başlayır. 1937-ci ildə yenidən həbs edilir. Azərbaycan Daxili İşlər Xalq Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsi şöbə rəisinin müavini leytenant Tevosyanın tərtib etdiyi arayışa görə, türk ordusunun zabiti Sultan Hüseynzadəni evində gizlətməkdə ittiham edilir.

Xədicə xanım bu qondarma ittihamlara görə cəzalandırılacağını bilir. Ancaq ağlına da gəlmir ki, onu güllələyə bilərlər. Sonradan bu barədə “xalq düşməni” kimi tutulan S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva yazıb: “Dustaqxana qadınlarla dolmuşdu. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə Qayıbova da vardı. O, çox iradəli, şux qadın idi. Özünü şux aparır, astadan mahnı oxuyur və rəqs edirdi. Bir dəfə o, belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr məhv olan deyiləm. Orada da rəqs edəcəyəm, oxuyacağam və çalacağam...”

Xədicə Qayıbovanın məhkəməsi 15 dəqiqə çəkir. Ona güllələnmə hökmü çıxarılır. Hökm 1938-ci il oktyabrın 27-də icra edilir...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 28oktyabr.- S. 14.