Hələlik son ...

 

və tək elə ədəbi-bədii yox, həm də ictimai-siyasi Mirzəmiz - Mirzə İbrahimov...

 

Tale-qismətdən adı da Mirzə qoyulmuş bu adam 17 yaşınadək “yetim”, “muzdur”, “şagird” çağırılıb. 19 yaşından coşub-daşan şair, qəzet redaktoru, alovlu publisist, “Gələcək gün” vədli görkəmli ədib kimi tanınıb. 30 yaşından isə...

Bu “isə” məni qayğılandırdı və həm özünün, həm qəzetimizin bütün oxucularının daha çox bir ədib kimi tanıdığı bu böyük Vətən oğlumuz haqda yazımı belə başlamaq istəyirəm: bu böyük ədəbiyyat, sənət və mənəviyyat adamı -

 

Siyasi hədəfdə...

 

Onun təpədən-dırnağa milli ziyalı olması çoxdan “uçot”a alınsa da, hər şey 1956-cı ilin yayından - avqustun 21-də Azərbaycan dilinə dövlət dili statusu verən qanunun qəbulundan sonra başlayıb. Bu, Bakıda rusdillilərlə “xüsusi narahatlıq”, Moskvada isə əməlli-başlı “millətçilik” ajiotajı yaradıb.

Bundan əvvəl isə bu millətin taleyini düşünənlərin qafasında çox ciddi və sevgili narahatlıqlar yaranıbmış - hətta Azərbaycan Kommunist Partiyasının büro iclasında belə! Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Abdulla Bayramov çıxışında deyib: “Məni bir məsələ çox narahat edir; əgər biz ölçü götürməsək, 10-15, yaxud 50 ildən sonra paytaxt Bakıda bir dildə, respublikanın qalan ərazilərində isə başqa dildə danışacaqlar... Bakıda ziyalıların böyük əksəriyyəti və onların ardınca fəhlələr də öz uşaqlarını rus məktəblərinə yerləşdirməyə çalışır... Mən daha o faktlardan danışmıram ki, bir azərbaycanlı Kəlbəcər rayonunda poçta gəlir və ondan öz dilimizdə olan teleqramı qəbul etmirlər...”

Həmin iclasda yazıçı Süleyman Rəhimov rəhbər işçilərə problemin həllini özlərindən, öz ailələrindən başlamağı təklif edir: “Əgər bizdə Azərbaycan məktəbləri varsa, onlar kimlərdən ötrüdür?..”

Və 1959-cu il iyulun 1-də Moskvada - Mərkəzi Komitənin Rəyasət Heyətinin iclasında Mərkəzi Komitənin “Respublikalar üzrə partiya orqanları şöbəsi” sədrinin 1-ci müavini İosif Vasilyeviç Şikin: “Azərbaycan SSR Ali Sovetinin sədri Mirzə İbrahimov tələbələrlə söhbətində “Azərbaycan dilini bilməyən, yaxud bilərək danışmayan ziyalı əclaf və xaindir” sözlərini çox əsəbiliklə söyləyəcək və əlavə edəcəkdi ki, İbrahimovun bu sözləri tələbələr tərəfindən gur alqışlarla qarşılanıb!..

Bəli, həmin dövrdə mətbuat səhifələrində analitik-aspektual yazıları ilə əhalini sözügedən “dövlət dili” aktına hazırlamış Mirzə İbrahimov Ali Sovetdəki rəsmi iclasda “...bütün qeyri-azərilər Azərbaycan dilini öyrənsinlər” kimi təklif və tövsiyələr edərkən yerdən verilən “Həkimlərin yarısı rusdur, bəs onlarla nə etməli” sualına belə cavab verir: “Qoy onlar bizim 30-35 il əvvəlki vəziyyətimizdə olsunlar; o vaxtlar “xəstəlik tarixləri”ni rusca yazırdılar...”

...1958-ci ilin yanvarında ittifaqın baş məkanında keçirilən yığıncaqda Azərbaycanda (!) “Azərbaycan dili məsələsi” müzakirə edilir. Millətçilikdə ittiham edilən M.İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən “Öz xahişi və bədii yaradıcılıqla məşğul olmaq üçün şərait yaratmaq məqsədilə” azad olunur...

Həmin iclasda Sov. İKP MK-nın Baş katibi Nikita Xruşşovun “Biz bu cür kommunistləri nəinki işdən çıxaracağıq, həm də partiya təşkilatı qarşısında məsələ qaldıracağıq ki, onlar partiyadan da qovulsunlar” hədə-qorxuları isə tam kamına çatmır; M.İbrahimov nəinki partiyadan çıxarılmır, üstəlik Azərbaycanın Xalq yazıçısı fəxri adını alır və SSRİ Ali Sovetinə deputat seçilir...

Bu tarixi ekskursdan sonra keçək yazı qəhrəmanımızın ədəbi-bədii, ictimai, elmi və digər -

 

Fəaliyyət aləminə

 

...1911-ci il oktyabrın 28-də Cənubumuzun Sərab şəhəri ərazisində ana təbiətin təbii havası necəymiş, cəmiyyətin əsas iqtisadi-siyasi davası nəymiş, qapıların kandarını kəsən qışa hazırlıq işləri, təknələrdən tükənən azuqə qorxuları nə yerdəymiş, dövrün sənədsiz-bələdsiz arxivlərinə gömülə-gömülə keçən günlər “Gələcək gün”lərə nə vədlər edirmiş, görəsən?..

Bunları kim bilə bilər, - bütün bunları təpədən-dırnağa, ağıldan-qəlbə, əksərən şərti kəsilməyən şumlardan yabalaşmağa məhkum xırmanlara qədər yaşayıb, özlərilə qəbrə aparmış oralılardan savayı. Amma həmin gün o Sərab şəhəri yaxınlığındakı bapbalaca Evə kəndində doğulmuş bir uşaqdan nəinki təkcə o çağ-bu çağkı oralılar, az qala, bütün dünya da xəbərdar olacaqmış. Ki, bu adam 29 yaşında Əməkdar incəsənət xadimi, 31 yaşında maarif naziri, 33-ündə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, 34-ündə akademik, 35-ində Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Nazirlər Soveti sədrinin müavini, 36-sında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 39-unda SSRİ Dövlət mükafatı, daha sonra Beynəlxalq Nehru mükafatı laureatları, Sosialist Əməyi Qəhrəmanı... olub.

Ədiblərlə ilk tanışlıq, sözsüz ki, onların əsərlərindən başlanır, ilk təəssürat da elə həmin ədəbi-bədii nümunələrdən yaranır. Mən də - ötən əsrin 60-cı illərində adı dillər əzbəri, kitabları “stolüstü” olan bu yazıçıyla ilk dəfə “Gələcək gün” romanının səhifələrində görüşüb-tanışdım. Oxucusunun xəyal ovsarını tutub ardınca aparan cazibədar təbiət təsvirləri, “qəddar” cəmiyyət təfsirlərilə ləbaləb səhifələrdə! Sizi deyəmmərəm, o günlər o “Gələcək gün” şəxsən mənə bədii əsərdən çox, sənədli “cinayət-prosessual məcəllə” əsəri etdi. Musa kişinin başına gətirilən müsibətlər mənə o qədər canlı, qanlı, real təsir edirdi ki, o kitabın müəllifini həmin olayların ya birbaşa baiskarı, ya da, ən azı, şəriki hesab edirdim. Lakin bütün bu sentimental-irreal qənaətlər o günlərədək yalnız adını eşidib, kitablarını oxuduğum bu mənəvi igidin özünü görüncəyədəkmiş. Sən demə, bu müəllif Musa kişinin paralelində yaratdığı Firudin bəyin irfani-ictimai, ədəbi-elmi davamçısıymış; qeyri-leqal şəkildə “sovetizm”ləşdirilməkdə olan neçə-neçə gənc qafalara qeyri-leqal milli hüceyrələr əkən alim, bütün İttifaq üzrə “NU!” deyilən bir dövrdə QU quşunun ilk nəğməsi kimi səslənən “Azərbaycan dili dövlət idarələrində” adlı bütöv bir millət dəyər-əyarında məqalə çap etdirən alovlu publisist, Ali Sovetin Rəyasət Heyətinin sədri olaraq “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında Qanun”u imzalayan ictimai-siyasi azman imiş...

 

...Və böyük ədəbiyyat!

 

1918-ci ildə - 7 yaşında ikən atası və böyük qardaşı ilə o tayımızdan bu tayımıza gələn, 9 ay keçməmiş atası vəfat edən, tifil yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib bir loxma çörək qazanan, 1926-1930-cu illərdə “Balaxanı fabrik-zavod məktəbi”ndə oxuyan Mirzə bədii yaradıcılığa “Fəhlə-ədəbiyyat dərnəyi”nin üzvüykən başlayır. Bundan sonra dövri mətbuatda şeirlər, tənqidi və publisistik məqalələr, hekayə və oçerklərlə çıxış edir. Lakin bu qeyri-adi, universal bacarıq sahibinə, belə demək mümkünsə, bir yerdə oturmağa imkan vermirlər. Beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya göndərilən gənc ədib “Giqantlar ölkəsində” adlı oçerklər kitabını yazır. Həmin il partiya tərəfindən Naxçıvan MTS siyasi şöbəsinə - “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərilir (sonralar qələmə aldığı “Həyat” (1935) pyesi həmin dövrün bəhrəsidir). 1935-1937-ci illərdə Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsildən qayıtdıqdan sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. Daim elmi fəaliyyətlə də məşğul olmuş ədib 1945-ci ildə təsis olunan Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 üzvündən biri olur. II Dünya müharibəsi illərində mətbuatda və radio dalğalarında, fabrik-zavod, ucqar kənd-kəsək və əsgəri hissələrdə odlu-alovlu çıxışlar da etməli olur. 1941-ci ildə imzası Sovet ordusu sıralarında getdiyi Cənubi Azərbaycanda məsul redaktor (“Vətən yolunda” qəzeti) kimi görünən ədibin səsi növbəti il Uzaq Şərqdən - Xabarovsk, Vladivostok və s. hərbi dairələrdən, 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdən gəlir...

Amma o həm də sevgili bədii yazılarla məşğul idi. Hələ ilk illərdə Cənubi Azərbaycan mövzusunda gözəl hekayələr - “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi, bir müddət sonra bir-birindən maraqlı povestlər - “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”...

Onun romanları haqda gərək elə roman-roman danışasan. Xüsusilə “Gələcək gün” və “Pərvanə”nin o dövr oxucuları tərəfindən necə maraq və məhəbbətlə qarşılandığından! “Böyük dayaq” romanı haqda isə geniş söhbət açmağa ehtiyac yox, - nədən ki, bu əsər böyük aktyorlarımızın iştirakilə ekranlaşdırılıb və həmin filmə böyük maraq və məhəbbətlə baxmayan da yox!..

Həyatın ən qaynar situasiyalarında nəfəs alan ədib maraqlı səhnə əsərləri də işləyib və mütəxəssis rəylərinə əsasən deməliyik ki, həmin pyeslər (“Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar”) Azərbaycan dramaturgiyasını zənginləşdirən nümunələrdir.

Ədibin dilimizə ustalıq və ustadlıqla çevirdiyi “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz” (U.Şekspir), “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik” (A.N.Ostrovski), “Üç bacı” (A.P.Çexov), “Don Juan” (J.B.Molyer) pyesləri tərcümə xəzinəmizin incilərindən hesab olunur.

1993-cü il dekabrın 17-də vəfat edib, Fəxri xiyabanda dəfn olunmuş bu böyük ədib, alovlu publisist, məşhur ictimai-siyasi xadim təkcə kitablarında yox, çətin dövrlərdə dilimizin dövlətiləşməsində fədakarlıq etmiş baş milli vətəndaşlarımızdan biri kimi də yaşayır və yaşayacaq...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 13.