“6 bəstəkar və 6 şair” layihəsi Ankarada davam edəcək

 

“Noyabrın 19-da türk dünyası televiziyalarında izləniləcək konserti həyəcanla gözləyirik”

 

Bugünlərdə Türkiyənin Elm və Ədəbiyyat Əsərləri Sahibləri Birliyinin (İLESAM) Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə birgə həyata keçirdiyi “6 bəstəkar və 6 şair” layihəsi əsasında Bakıda, Beynəlxalq Muğam Mərkəzində “Mahnıdan şərqiyə” adlı tədbir gerçəkləşdi. Layihə üzrə növbəti konsert Ankarada keçiriləcək. İLESAM baş direktorunun müavini və Türkiyənin tanınmış şairi İlter Yaşılay ilə söhbətimiz bu layihə barədə oldu. Həmsöhbətim bu tədbirin ümumilikdə türk dünyasını əhatə edəcək layihənin tərkib hissəsi olduğunu bildirdi:

 

- İLESAM Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları Baş Direktorluğuna bağlı olan qurumdur. Birlik 3 minə yaxın şair, fikir və elm adamını əhatə edir, onların əsərlərinin müəllif haqlarının qorunmasına, eyni zamanda mədəniyyətimizi gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verir. Həmçinin türk dünyası ölkələrindən gəlib Türkiyədə kitab çap edən və bizə üzv olanların buradakı müəllif hüquqlarını qoruya bilirik. Azərbaycandan da bizim quruma üzv olan şair və yazıçılar var. Bir neçə ay öncə İLESAM-ın baş direktoru Mehmet Nuri Parmaksız tərəfindən gənc şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza qurumun Azərbaycan təmsilçisi təyin edildi. “Mahnıdan şərqiyə” layihəsi də Azərbaycanda həyata keçirdiyimiz ilk layihə oldu. “Türk dünyası konsertlər silsiləsi” iki hissədən ibarətdir. Birinci konsert anlaşma imzalanan ölkədə, digəri isə Ankarada baş tutur.

Oktyabrın 16-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə layihəmizin nəticəsidir. Konsert proqramında Azərbaycanın və Türkiyənin 6 şairinin şeirlərinə türkiyəli və azərbaycanlı bəstəkarların yazdıqları mahnılar (şərqilər) yer almışdı. Qardaş ölkə ilə ilk dəfə belə bir layihə həyata keçirdik. Konsertə böyük tamaşaçı kütləsi gəlmişdi və musiqi şölənini heyranlıqla izlədilər. Türkiyə Baş Nazirliyi yanında Tanıtma Fondu, TİKA, TÜRKSOY tərəfindən dəstəklənən konsertin məşqlərinə 8 ay əvvəldən başlanılmışdı. Qurumun baş direktoru Mehmet Nuri Parmaksız və mən Bakıya gedərək Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə protokol imzaladıq. İki ölkənin sənətkarları o qədər dəqiqliklə çalışdılar ki, nəticədə konsert sanki su kimi axıb keçdi və həm tamaşaçılar, həm də biz bundan məsud olduq. İndi isə daha böyük Ankara konsertinə hazırlaşırıq.

 

- Nə üçün İLESAM ilk belə layihəsini məhz Azərbaycanda gerçəkləşdirdi?

- İLESAM böyük bir qurum olaraq sadəcə Türkiyədə deyil, ortaq bağlarımız olan türkdilli ölkələrlə də fəaliyyətlər ortaya qoyur. Böyük lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu baxımdan türkdilli ölkələr arasında ilk layihəni Azərbaycanda keçirməyimiz təbiidir. Biz tərcüməyə ehtiyac olmadan bir-birimizi yaxşı başa düşürük. Bir-birimizin şair və yazıçılarını tanıyırıq, musiqilərini bilirik. İki göz bir-birini görmədən eyni yerə necə baxırsa, bizlər də bir-birimizi görmədiyimiz zamanlarda belə eyni istiqamətə baxmışıq. Bütün bunları nəzərə alaraq layihəmizi ilk olaraq Azərbaycanda başladıq.

 

- Bakıda olduğunuz günlərdə diqqətinizi ən çox çəkən nə oldu?

- Bakı onsuz da maraqlı bir şəhərdir. Heyətimizdə olan hər kəs Bakıya heyran oldu. Çünki hər küncündə tarix və sənət izləri var. Bakı təmiz, sahmanlı şəhər kimi diqqətimizi çəkdi, gecələri də çox möhtəşəm görünür. Azərbaycanda sənətə böyük dəyər verilir. İçərişəhər çox gözəl məkandır. Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət etdik. Onların yanaşı olması həm də qardaşlığımızın dərin sevgi və hörmətə dayandığının sübutudur və biz bunu bir daha anladıq.

 

- Qeyd etdiyiniz kimi, qarşıdan “Mahnıdan şərqiyə” layihəsinin davamı - Ankara konserti gəlir. Bu tədbirə necə hazırlaşırsınız?

- Ankaradakı konsert “TRT Avaz”ın studiyalarında canlı yayımlanacaq. Bu səbəbdən proqramın rejissoru və prodüseri Necati Varla Bakıya gəldik. O, Beynəlxalq Muğam Mərkəzindəki konsertə müşahidə etdi. Ankara konsertinin də yüksək səviyyədə keçəcəyinə inanırıq. İki ölkə bəstəkarlarının bəstələdiyi 12 mahnını Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğu səsləndirəcək. Konsertin məsləhətçisi Faruk Şahinin rəhbərliyi ilə fəaliyyətimizə davam edirik. Noyabrın 19-da axşam Türkiyə, Azərbaycan və bütün türk dünyası televiziyalarında izləniləcək konserti həyəcanla gözləyirik.

 

- İlter xanım, siz həm də Türkiyənin tanınmış şairlərindənsiniz. Bakıda həmkarlarınızla da bir araya gələ bildinizmi?

- Bakıya ilk səfərim zamanı da bir çox şairlərlə tanış olmuşdum. Geri qayıtdıqdan sonra da sosial şəbəkələr vasitəsilə bu dostluq davam etdi. Bu dəfə zaman az olduğundan onlarla görüşmək imkanı olmadı. Amma önəmli olan qəlblərimizin bir olmasıdır. Bir gün bir şairin misrasında bir-birimizi mütləq taparıq. Azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər və belə hesab etdik ki, evimizdən çıxıb, evimizə qayıtmışıq.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 11.