“Qisas almadan ölmə...” filmi Tbilisi festivalında baş mükafatı qazanıb

 

Xalq Artisti, tanınmış rejissor Oqtay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tbilisidə keçirilən X Müqəddəs Andrey beynəlxalq kinofestivalının baş mükafatına layiq görülüb.

 

Festivalın təşkilatçısı, kinorejissor, professor Qeorgi Qelaşvili qeyd edib ki, müsəlman kinorejissorun filmi ilk dəfədir xristian müqəddəsinin adı ilə bağlı keçirilən festivala dəvət olunub. Oqtay Mir Qasımın filmində bütün dinlərin vəhdətinin tərənnüm olunması bizi bu addımı atmağa vadar edib. Filmin əsas süjet xəttini əsil tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Bu da Gürcüstan, Polşa, Ukrayna və Baltik regionu ölkələrindən olan münsiflərin diqqətindən yayınmayıb. Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa çağırış deyil, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.

“Qisas almadan ölmə...” filmi baş mükafatla yanaşı, üç nominasiyada da qalib gəlib. Mükafatları Azərbaycanın Xalq artistinə festivalın münsiflər heyətinin sədri, kinoşünaslıq üzrə elmlər doktoru, tanınmış aktrisa Marina Reselidze təqdim edib.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 10.