Kinokameranın
yaddaşında
Cavanşir Məmmədovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi
Oktyabrın 22-də
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi
ilə tanınmış kinooperator, kinorejissor, Xalq artisti
Cavanşir Məmmədovun 100 illiyinə həsr olunmuş
xatirə gecəsi keçirildi.
Tədbiri Respublika Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Xalq artisti Cavanşir Məmmədovun sənətə vurğunluğundan danışdı, professional sənətkarlıq qabiliyyətinin ona şöhrət qazandırdığını bildirdi. Qeyd etdi ki, sənətkar sənədli filmlərlə yanaşı, bədii filmlərin çəkilişində də özünü layiqincə sübut edib. Bu istiqamətdə gördüyü işlərlə kino sənətində bir məktəbin əsasını qoyub. O, dövrünün ən nüfuzlu mükafatı olan Lenin mükafatına layiq görülüb. Lentə aldığı filmlər peşəkarlıq səviyyəsinə görə tamaşaçılar və sənətşünaslar tərəfindən indi də yüksək qiymətləndirilir.
Cavanşir Məmmədov “Görüş”, “Mahnı belə yaranır” bədii ekran əsərlərini, “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər” , “Xəzər dənizçiləri” , “416-cı”, “Təbiətin dostları”, “Keçmişin şahidləri”, “Azərbaycan mədəniyyətinin baharı”, “Azərbaycan elmi”, “Lənkəran”, “Lahıc dağlarında əks-səda” və s. sənədli filmlərin lentə alıb. Respublikada xronikal və sənədli filmlərin əsasını qoyub. Çəkdiyi ekran əsərləri mövzu, sənətkarlıq baxımından fərqlənərək milli koloriti və maraqlı detalların tətbiqi ilə diqqəti cəlb edib.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə Cavanşir Məmmədovun sənət tərcümeyi-halının bəzi məqamlarını diqqətə çatdırdı. Bildirdi ki, o, 1915-ci il oktyabrın 17-də anadan olub. Aşqabad Kino Texnikumunu bitirdikdən sonra Aşqabad kinostudiyasında operator işləyib. Operator şagirdi, operator köməkçisi, operator assistenti, II dərəcəli operator, xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950-1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında (“Sentrnauçfilm”) “Kino səyahəti” almanaxının yaradıcılarından olub. Kinojurnallar üçün mindən çox süjet çəkib.
Türkmənistanın və Azərbaycanın Əməkdar incəsənət xadimi, respublikamızın Xalq artisti Cavanşir Məmmədov 1997-ci ildə Moskvada vəfat edib.
Aydın Kazımzadə sənətkarın 60 ilə yaxın kinematoqrafiya sahəsində çalışdığını vurğuladı. Qeyd etdi ki, onun sənət yolunun əlamətdar hadisələrindən biri məşhur kinorejissor Roman Karmenlə “Xəzər neftçiləri haqqında dastan” (1953) və «Dənizi fəth edənlər» (1959) tammetrajlı sənədli filmlərində birgə işləməsidir.
R.Karmen tammetrajlı “Dəniz fatehləri” sənədli filminin ssenarisini İmran Qasımovla birgə yazır. Çəkilişləri aparmaq üçün operatorlar S.Mediniski və C.Məmmədovu dəvət edir. Neft Daşlarında lentə alınan həmin ekran əsəri sovet kinosunun böyük uğuru kimi qəbul olunur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş olunur. 1960-cı ildə isə hər iki filmin yaradıcılarına Lenin mükafatı verilir. Cavanşir Məmmədov isə üstəlik Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.
Görkəmli sənətkarın qızı Almaz Məmmədova tədbirin təşkilində əməyi olan hər kəsə və tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
Sonda sənətkarın operatoru olduğu “Xəzər neftçiləri haqqında dastan” sənədli filminin yeni bərpa olunmuş nüsxəsi nümayiş olundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 10.