Əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib

 

Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova oktyabrın 24-də vəfat edib.

Oktyabrın 25-də keçirilən dəfn mərasimindən öncə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək aktrisanın sənət yolundan danışıb. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Dövlət Musiqili Teatrının kollektivi, eləcə də Akademik Milli Dram, Gənc Tamaşaçılar, Dövlət Kukla teatrları və başqa sənət ocaqlarının rəhbər şəxsləri və aktrisanın sənət dostları iştirak ediblər.

Gülnar Əlifağa qızı Salmanova 1956-cı il iyulun 24-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib.

Aparıcı səhnə ustası olub. Güclü soprano səsə malik idi. "50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran və başqa obrazları orijinallığı ilə seçilib.

2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.

Qeyd edək ki, Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının növbəti nümayişi mərhum aktrisanın xatirəsinə həsr olunub.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 10.