Müasir dövrdə effektiv idarəetmənin problemləri müzakirə edilib

 

Oktyabrın 24-25-də Azərbaycan Turizm və Menecment Universitetində Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

 

Konfransın açılışında çıxış edən ATMU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin əhəmiyyətindən danışaraq ölkənin dinamik inkişafında səmərəli idarəetmə mexanizminin əsas məsələlərdən biri olduğunu vurğuladı: “Effektiv idarəetmə təbii resurslardan düzgün istifadə edilməsi, yeni resursların ortaya qoyulması və bunun cəmiyyət həyatında öz əksini tapmasıdır”.

Bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışan Cəfər Cəfərov konfransda dinləniləcək məruzələrin çap edilib yayılmasının da vacibliyini diqqətə çatdırdı. Plenar iclasda ATMU-nun şöbə müdiri, dosent Nəsirulla Nəsirlinin “Azərbaycan ali təhsil məkanında keyfiyyətin idarə edilməsi” və Dövlət İdarəçilik Akademiyasının dosenti Oruc Məmmədovun “Dövlət idarəetməsində qanuniliyin konstitusion prinsipləri” mövzusunda məruzələri dinlənildi.

Konfrans işini “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “İdarəetmənin hüquqi əsasları”, “Beynəlxalq münasibətlərin aktual problemləri və tarixi” və “İnsan resurslarının idarə edilməsi” bölmələri üzrə iclaslarla davam etdirdi.

Konfransa təqdim olunan məruzələrdə effektiv idarəetmə prosesində nöqsanların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, bir sıra yeniliklərin tətbiqindən əvvəl perspektiv imkanların geniş müzakirəyə çıxarılması, irəli sürülən təkliflərin idarəedicilərə vaxtında çatdırılması kimi məsələlər əksini tapıb.

Konfransın ikinci günü “Sektorlararası əməkdaşlığın təşkili və menecmenti”, “Müasir şəraitdə turizmin inkişafında dövlət və yerli idarəetmənin təkmilləşdirilməsinin vəziyyəti”, “Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə ictimai və inzibati nəzarət”, “İdarəçilikdə dövlət fenomeni, onun fundamental əsasları”, “İnsan kapitalının formalaşdırılması və idarə edilməsi” və digər mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 9.

 

Fariz Hüseynov