Yaponiya televiziyasında ölkəmizin təqdimatı

 

Yaponiyanın MBS televiziya kanalında “Real dünya” proqramı çərçivəsində Azərbaycana həsr olunan xüsusi veriliş yayımlanıb. Azərbaycana səfər edən çəkiliş qrupunun üzvləri həm paytaxt Bakıda, həm də rayonlarda apardıqları çəkilişlərdə yapon tamaşaçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.

Televiziyanın studiyasında tamaşaçıların iştirakı ilə canlı yayımlanan verilişdə Bakının qədim və müasir tikililərlə zəngin gözəl şəhər olduğu, ölkəmizin tolerantlıq ənənələri ilə tanındığı vurğulanıb. Tamaşaçılara Azərbaycan paytaxtının memarlıq nümunələri, gənclərin yaşayış tərzi, ölkəmizdə idmana, o cümlədən yapon döyüş növlərinə olan maraqla bağlı süjetlər təqdim olunub.

Bakının öz gözəlliyi ilə Avropa şəhərlərindən geri qalmadığını vurğulayan verilişin aparıcısı əzəmətli “Alov qüllələri” kompleksi haqqında məlumat verib.

Verilişdə ləziz mətbəxi, füsunkar təbiəti ilə seçilən Azərbaycanın həm də sağlamlıq üçün təbii vasitələrlə, mineral sularla zəngin olduğu qeyd edilib. Şəkinin tarixi yerləri, el sənətləri, çövkən milli idman oyunu, Naftalanın dünyada yeganə sağlamlıq vasitəsi olan qeyri-adi neft vannaları haqqında məlumatlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 9.