Ölkəmiz
dünya musiqi sərgisində təmsil olunub
Oktyabrın 21-dən 25-dək Macarıstanın paytaxtı Budapeştdə Womex - Dünya Musiqi Sərgisi (The World Music Expo) keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və "Natiq" ritm qrupu təmsil edib. Qeyd edək ki, 1994-cü ildən başlayaraq bu nüfuzlu beynəlxalq tədbirdə ölkəmizdən Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov, "Quba" və "Qarabağ" ansamblları, caz ifaçısı Elçin Şirinov iştirak ediblər.
Budəfəki tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan musiqisinə və milli musiqi alətlərinə həsr olunmuş sərgi böyük marağa səbəb olub. Fərqli tərtibatı ilə diqqət çəkən pavilyonumuza gələn qonaqlara milli musiqimiz haqqında kitablar, CD-lər, Azərbaycan loqolu flaş-kartlar və s. hədiyyə olunub.
Oktyabrın 22-də Womex çərçivəsində keçirilən konsertlər sırasında “Müpa” salonunda "Natiq" ritm qrupunun solo konserti təşkil olunub. Böyük tamaşaçı kütləsinin izlədiyi proqram maraqla qarşılanıb. Konsertdən sonra "Natiq" ritm qrupu tədbirə qatılan dünya musiqi festivallarının təmsilçiləri tərəfindən bir sıra tədbirlərə dəvət alıb.
23 oktyabr tarixində sərgi zamanı Azərbaycan
pavilyonunda qonaqlar üçün "Happy hour" adlı tədbir
keçirilib. Tədbirdə Azərbaycan mətbəxinin təbliği
məqsədilə paxlava, milli şərablar və s. təqdim
edilib.
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 8.