Adı “Beş
damla” olsa da...
Və ya 60 illik ömrün şeir hesabatı
Şair olmaq dünyanın dərdini poetik dillə ifadə, hisləri azad, həm də bütün ağrıları ilə könül mizrabından keçirib sətirlərə düzməkdir. Şair olmaq həm də Allahla öz arandakı söz-sovda bir addım irəlidə olmaq, bir damla daha artıq azadlığında səadəti qucaqlamaqdı. Şair olmaq elə həm də yaşının bütün məqamlarında, ömür adlı müvəqqəti evin uzun-qısa yolunun bütün dayanacaqlarında əylənib yol yoldaşlarınla vahid bir dildə, həm də bütün saflığın, xoş niyyətlərin könül lisanında danışmaq fərqidir.
Mənə görə şair Vaqif Bəhmənli məhz belə söz adamlarındandır. Onun poeziyasında qanad açan əzəmətli dağların qartallarından pıçıltıyla axan çayların şəffaflığınadək hər nəsnə var. Bir də o şeirlərdə sənin, mənim doğulduğumuz kənd-kəsəkdən, dizlərimizi çapdığımız yol-yamacdan, ciyərlərimizə çəkib bir ömür boyu nəfəs yolu qoyduğumuz el-obanın saflığından nəsə var.
Düz 60 il yol gələn və bu yolda hər ağrıdan özünə, sözünə və bir də ilhamına sarılaraq keçən, bütün həyat, yaşam ağrılarını dilləndirdikcə onlara həm də elə öz ürək odunda məlhəm çəkən bir adam var - Vaqif Bəhmənli. O həm də sadəcə qafiyə, söz gözəlliyinə yox, misralardakı həyat mətləblərinin acılı-şirinli gerçəyinə görə əsl şairdir. Buna görə də onun misralarında kimsə mütləq özünü tapacaq. Gah atasızlığına sarılacaq, gah anasının zamansız kəsilən laylasına qəribsəyəcək, gah nisgilli, vüsalsız sevgisinə evinin bir küncündə xısın-xısın ağlayacaq, gah da həyatın bir şilləlik həqiqətlərinə şəstlə durub dirənəcək.
Onun poeziyasında Vətən, millət, xalq, el-oba, itirilmiş torpaq bir ayrı mətləblərlə dillənir. Pafos, quru vətənsevərlik, yapma təəssübkeşlikdən uzaqdır o misralar. Lap itirdiyimiz el-obalar, sönmüş ocaqlar, illərdi sığalımıza həsrət doğmalarımızın məzar daşları kimi uzaq və ağrılı...
Varıma mənimdi deməmişəm ki,
Kəsib boğazımdan sözə vermişəm.
Sözü neyləmişəm? -
Yeməmişəm ki,
Onu da götürüb sizə vermişəm.
- deyən və bu deyimində 60 illik ömrün tam bir şeirlik, lap elə bir bəndlik hesabatını verən şair şeirə sığmayan, misralarda haçalanmayan, ilhamında dinclik tapmayan batini ömürlüyünün 60-cı dayanacağında poeziyasevərləri bir araya topladı.
Beləcə, gənc yazarların yaxın dostu, pirani qocaların qəlb sirdaşı, uzaq-yaxın zamanların sevilən misralarının müəllifi istedadlı şair, Əməkdar mədəniyyət işçisi, bütün bu təqdimatlardan savayı həm də sözünə heç vaxt xəyanət etməyən söz vurğunu şair Vaqif Bəhmənli “Beş damla” adlı əsl poeziya, şeir gecəsi yaşadı və yaşatdı.
Oktyabrın 22-si axşamı payızın sarı xəzəllərində qərib bir nostaljidə mürgüləyən xəyallar Gənc Tamaşaçılar Teatrının səhnəsində, həm də müəllifin misralarında və öz səsində bir ayrı ovqata köklənib, bir ayrı teldə yenidən dilləndi.
Poeziya və musiqi axşamı, şeirlə muğamın möcüzəli vəhdəti idi. Bu anlarda şairin hər misrasını ruh halı ilə təsvir etməsi - bəzən titrəyən, bəzən qəhərlənən, bəzən də özünü anasının qoynunda dünyanın ən alınmaz qalasında hiss edən bir körpənin əmin səsində dilləndirməklə ürəkləri riqqətə gətirməsi bir başqa ovqat yaşatdı küləkli şəhərin duyğuları burulğanlı sakinlərinə. Teatrın tam dolu zalında şeir “sükut”u pozulduqca mürgüləyən xatirələr, kiridilən arzular, sirli mətləblər ürəklərə sığmadı, boy aldı və beləcə, şairin şeir əzəmətini alqışa, təşəkkürə, minnətdarlığa, ehtirama qərq etdi.
Kövrək qamətimə - “döz”, - deyəcəyəm
Cənnət çiçəkləri solana qədər,
Gözümü yummadan gözləyəcəyəm
İsrafil surunu çalana qədər.
- gözləyən və bu gözləmədə hər mətləbə bir ayrı rəng verən, poetik don geyindirən və o biçimində ustalaşan V.Bəhmənli bu mənada son dərəcə xəlqi və gözəl şairdir. Onun haqqında ilk rəyi oxucuları və qələm dostları təxmini bu kontekstdə verirlər. Təyinatı qətiləşdirmək üçün bir həmkarımdan soruşdum ki, Vaqif Bəhmənlini bir cümlə ilə necə ifadə edərdin, dedi; “bu qədər sadəliyi, folklorik səmimiyyəti, hətta “kəndçi”liyilə Vaqif həm də ən intellekt, məntiqi, ultra-müasir şairdir”.
Nə olar,
qoy baxım ayrı baxımdan -
daş dələn nəzərlər daşıma batmır.
Allah,
ağzımı əy, keç günahımdan;
o dünya söhbəti başıma batmır.
- deyən şairin misralarındakı məhrəmlik və sadəlik həm də onun daxili dünyasındakı kövrək adamdan danışır, bizləri 60 ilin belini bükən və hələ də sözündə yeni, təmiz və necə deyərlər, təravətli qalan bir adamı anladır.
Söz - Allah, kağız ətəkdi,
ağ ağardar ağ niyyəti
məncə, ağ kağız öpməkdi
şairlərin ibadəti.
- sorağını verən və bu ibadətgahında hamıya duaçı olan, hər ürəyin ağrısına sığal çəkən, hər duyğunu tumarlayan və hər çılğın niyyəti şeirin dilində xumarladan şair beş yaşam, beş həyat və elə beş əbədiyyət mətləbini bir gecədə dilləndirdi, beş ayrı-ayrı yaşda və boy-biçimdə olan uşağın səhnədən səslənən suallarında, sorğularında...
O, səxavətli ev sahibi kimi poeziya axşamının həm səbəbkarı, həm də aparıcısı idi. Yubilyar gecədə yuxarıda dediyim kimi, beş uşağın vəzifə və şöhrət, sevgi və ömür, məhəbbət və alın yazısı kimi həyati məqamlar (və ya qismət, həqiqət, məhəbbət, sərvət və hikmət) haqqında verdiyi suallara özünün şeirləri ilə türlü poetik cavablar verdi. Bu cavablar zamanla dinləyənlərin gah beyinlərində ilğıma, gah gözlərində yaşa, gah da dodaqlarında xəfif təbəssümə çevrilərək səhnəyə qanadlandı. Bu duyğu, ruh rabitəsindən məmnun şair özünün qurduğu səhnə mizanında əsas qəhrəman, baş obraz kimi həyatın hər anı haqqındakı həqiqətlərini usta monoloqunda tamamladı.
Şeir nərdivanlarında nəfəs dərməyimiz, duyğularımızı boğmağımız üçün musiqinin, muğamın yaratdığı imkan da gözəl idi. Xanəndələr Sevinc Sarıyeva, Almaz Orucova, Mələkxanım Əyyubova, Nizami Abdullayev və Eldəniz Məmmədovun həzin, ürəyəyatan ifaları, fərqli zəngulələri, qəlboxşayan səs-avazları gecənin ruhunu elə gözəl ifadə etdi ki...
Sonda Vaqif Bəhmənli yubiley gecəsinin təşkilində dəstək göstərənlərə, çalışdığı kollektivə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, tədbirin ideya müəllifi olan nazir müavini Ədalət Vəliyevə, bütünlükdə onun şeir gecəsinin həmdəmlərinə təşəkkürünü bildirdi. Səhnədə son akkordu Vaqif müəllimin şeirinə bəstələdiyi marşla, yüksək ruhlu ritmlərlə müğənni Səyyad Əlizadə vurdu. “Hamımız vətənin müsəlləh əsgəriyik”, - deyən şairin davamçıları olan nəvələri və ömür-gün yoldaşı da səhnəyə qalxaraq sevimli insanlarını təbrik etdilər, şairin öz şeirlərindən bir poeziya çələngini də onlar ərməğan etdilər 60 yaşlı şairə...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 28 oktyabr.-
S. 7.