Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olundu

 

Oktyabrın 23-də paytaxtdakı 11 nömrəli onbirillik musiqi məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş tədbir keçirildi.

 

Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə başladı. Məktəbin xalq çalğı alətləri orkestrinin ifasında “Bayram süitası”, “Uşaq pyesləri” məcmuəsindən “Lay-lay” və “Oyun” pyesləri, “Prelüdiya ¹ 9”, “Prelüdiya ¹ 1” səsləndi. Xor kollektivi “Çanaqqala-1915” oratoriyasından “Ninni” xoru, “Qərənfil” romansı və “Bakı” mahnısını ifa etdi.

Sonra sənətkarın oğlu, Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək Vasif Adıgözəlovun həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, onun irihəcmli simfonik əsərlərindən mahnılaradək müxtəlif janrları əhatə edən yaradıcılığı yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır: “Əgər bir bəstəkarın əsərləri uzun illər səsləndirilirsə, ifa olunursa, demək, o bəstəkar hər zaman yaşayır”.

Y.Adıgözəlov yubiley tədbirinin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Bakı şəhər musiqi məktəbləri Direktorlar Şurasının sədri Natiq Vəliyev və 11 saylı musiqi məktəbinin direktoru Rövşən Məmmədov çıxış edərək sənətkarın yaradıcılığından geniş danışdılar. Bildirdilər ki, Vasif Adıgözəlov Azərbaycan musiqi mədəniyyətində fərdi üslubu ilə seçilən qüdrətli sənətkar idi. Bu gün onun əsərləri beynəlxalq musiqi festivallarında səslənir, məşhur kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur. Bəstəkarın əsərləri həmçinin dünyanın bir çox ölkələrində (Almaniya, Bolqarıstan, Meksika, Kuba, Türkiyə, İran və s.) ifa olunaraq dinləyici rəğbəti qazanıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 6.