ADMİU-da “Fransa günləri”

Oktyabrın 22-24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) beynəlxalq mədəni əlaqələr çərçivəsində “Fransa günləri” adlı tədbirlər təşkil olunub.

İlk tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq qeyd edib ki, bu layihə müəyyən qədər də olsa hər kəsə Fransa mədəniyyəti ilə tanış olmaq imkanı yaradacaq.

Sonra musiqi sənəti fakültəsinin fortepiano, vokal, xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələrin ifasında Ç. de Lyuks, J.Messne, L.Delib, K.Debüssi və başqa bəstəkarların əsərləri səslənib. Aktyor sənəti fakültəsi tələbələrinin Hüseyn Cavidin “Mən səma şairiyəm”, “Bana anlatma ki” şeirlərinin fransız dilində səsləndirməsi tədbirə xüsusi ab-hava gətirib. Universitetin estrada ansamblının ifasında populyar fransız musiqisinin ifası da iştirakçıların ürəyincə olub.

Sonda rektor iştirakçıları uğurlu çıxışa görə təbrik edərək, fəxri diplomlarla təltif edib. “Fransa günləri” çərçivəsində 23 oktyabrda universitetin kiçik zalında fransız filmləri (“Leon”, “Les Quatre Cents Coups”) nümayiş olunub. 24 oktyabrda isə magistr tələbələrin hazırladığı “Notre Dame de Paris” müzikli tamaşaçılara təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 6.