Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

 

Oktyabrın 25-də Moskvada dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatının yeddinci ildönümü ilə bağı xatirə mərasimi keçirilib.

Dahi sənətkarın Rusiya paytaxtındakı abidəsi önündə keçirilən tədbirdə Müslüm Maqomayevin pərəstişkarları, dostları və yaxınları iştirak ediblər.

Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya çıxışında qeyd edib ki, insan üçün ən əziz adamını itirmək olduqca kədərlidir. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra yalnız onun xatirələri ilə yaşadığını vurğulayan T.Sinyavskaya bir neçə gündən sonra Bakıya yola düşəcəyini, dahi sənətkarın məzarını ziyarət edəcəyini bildirib.

Rusiyanın Xalq artisti Lev Leşşenko, məşhur rejissor Yuli Qusman, tanınmış teleaparıcı Tatyana Vedeneyeva, bəstəkar İqor Krutoy və başqaları M.Maqomayev haqqında xatirələrini bölüşüblər.

Həmin gün Rusiyanın Birinci kanalının efirində “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filmi nümayiş olunub. Filmin rejissoru Mehdi Məmmədov jurnalistlərə bildirib ki, ekran əsərində M.Maqomayevin xatirələrindən, yazılarından, video görüntülərindən istifadə olunub və dahi sənətkar sanki bütün hadisələri özü tamaşaçılara danışır.

“Müslüm Maqomayev. Birinci şəxsdən” filmi sənədli monoloqdur. Filmdə təkcə musiqiçinin sənət yolu və həyatından deyil, eləcə də ötən yüzilliyin mədəni hadisələrindən söhbət açılır.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 5.