Bakı payızının caz havası

 

Paytaxtımızda keçirilən ənənəvi festivala tanınmış ifaçı və kollektivlər qatılıb

 

Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verildi. Builki festival da caz həvəskarlarına yaddaqalan musiqi axşamları vəd edir.

 

Heydər Əliyev Sarayında açılış konsertindən öncə çıxış edən telejurnalist Rahib Azəri festivalın proqramı barədə məlumat verdi. Bildirdi ki, noyabrın 3-dək davam edəcək konsert proqramlarında ABŞ, Kanada, Fransa, Hollandiya, eləcə də Azərbaycanın məşhur cazmenləri çıxış edəcəklər.

Sonra o, dünya şöhrətli caz pianoçusu və bəstəkarı Diana Krallı festivalın ilk konsertini təqdim etmək üçün səhnəyə dəvət etdi.

Diana Krall 1964-cü ildə Kanadada dünyaya gəlib. Valideynlərinin hər ikisi fortepiano ifaçısıdır. Nənəsi isə müğənni olub. Musiqiçinin ilk albomu 1993-cü ildə işıq üzü görüb. Ən uğurlu il 2000-ci il olub. Həmin il iki dəfə “Qremmi” mükafatına layiq görülüb.

Konsertdə Diana Krallın ifasında təqdim olunan müxtəlif klassik caz musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

* * *

Oktyabrın 26-da Bakı Beynəlxalq Caz Festivalının növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təqdim olunub. Əməkdar artist, bəstəkar, pianoçu, cazmen, çoxsaylı festivalların iştirakçısı Salman Qəmbərov rəhbəri olduğu “Bakustic Jazz” qrupu ilə çıxış edib. Konsertdə məşhur caz kompozisiyaları səsləndirilib. Musiqiçilərin çıxışı böyük maraq doğurub.

 

* * *

Festivalın üçüncü günü caz həvəskarları yenə Heydər Əliyev Sarayına toplaşmışdı. Sarayın səhnəsində bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan “Four Play” kvarteti (ABŞ) çıxış etdi. Qrupun hər bir nümayəndəsi özlüyündə caz korifeyidir. Kvartetin ilk albomu (1991) 1 milyon tirajla satılıb, növbəti albomları dəfələrlə “Qremmi” mükafatını almaq üçün irəli sürülüb və “Qızıl disk” qazanıb.

Ayın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında Cəmil Əmirov və qrupunun konserti olacaq.

Qeyd edək ki, festival çərçivəsində konsertlər Heydər Əliyev Sarayı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunur. Festivalda Azərbaycanın tanınmış caz ifaçılarından olan Emil Əfrasiyab, Elçin Şirinov, Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri də iştirak edir.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 5.