Cəfər
Cabbarlının yaradıcılığına həsr
olunmuş şeir müsabiqəsi
Oktyabrın 23-də
Cəfər Cabbarlının ev-muzeyində görkəmli ədibin
yaradıcılığına həsr edilmiş şeir
müsabiqəsi keçirildi.
Müsabiqə C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu. Böyük dramaturq C.Cabbarlının zəngin bədii irsinin öyrənilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən ev-muzeyinin direktoru Qəmər Bağırova bildirdi ki, müsabiqə gənclər və məktəblilər arasında maariflənmənin inkişaf etdirilməsi, şagirdlərin ədəbiyyata, bədii qiraətə marağının və sevgisinin artırılması məqsədi daşıyır. Dramaturqun şeir yaradıcılığı haqqında məlumat verən Q.Bağırova qeyd etdi ki, bu gün gənc nəsil C.Cabbarlını daha çox dramaturq kimi tanıyır. Amma onun yaradıcılığında poeziya da mühüm yer tutur.
Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şeirlər yazan C.Cabbarlının lirik parçalarına bir çox mahnılar bəstələnib. Görkəmli ədib ədəbiyyata şeirlə gəlib və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-əfkar” qəzetində dərc edilmişdi. 1915-ci il aprelin 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində “Bahar” adlı şeiri nəşr olunmuşdu. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. Gənc Cabbarlı da ilk satirik şeirlərini böyük şairin təsiri altında yazıb. Cabbarlı irsinin tədqiqatçısı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı yaradıcılığında maarifçilik ideyaları” mövzusunda məruzəsi dinlənildi.
Sonra müsabiqə iştirakçıları şairin satiraları əsasında hazırlanmış bədii kompozisiyanı təqdim etdilər. Onların çıxışları ekspert komissiyası tərəfindən qiymətləndirirdi.
Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin yetirməsi, 238 saylı məktəbin 8-ci sinif şagirdi Zeynalabdin Bağırzadə və Respublika İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Ləman Rəhimli birinci yerə layiq görüldülər. İkinci yeri Murad Həsənxanlı və Aytən Babaşova, III yeri isə Ofeliya Nəbiyeva və Ülkər Abbaslı bölüşdülər. Qaliblər C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin diplomları və fəxri fərmanlarla mükafatlandırıldılar. Müsabiqənin bütün iştirakçılarına ictimai birliyin təşəkkürnaməsi təqdim edildi.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 28
oktyabr.-S. 4.