Vasif
Adıgözəlovun 80 illiyinə həsr olunmuş musiqi
festivalı
Azərbaycan Bəstəkarlar İttifaqında elmi-praktik konfrans keçirildi
Xəbər
verdiyimiz kimi, Vasif Adıgözəlovun 80 illiyi haqqında
ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli sərəncamının
icrasının təmin edilməsi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər
planına əsasən, bəstəkara həsr olunmuş
musiqi festivalı keçirilir.
Oktyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında festivalın ilk tədbiri - Vasif Adıgözəlov yaradıcılığı ilə bağlı elmi-praktik konfrans oldu. Tədbiri ittifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova açaraq sənətkarın həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, Vasif Adıgözəlov görkəmli musiqiçi və təkrarsız muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. Böyüdüyü mühitin ab-havası onun gələcək sənət yoluna zəmin olub. Vurğulandı ki, görkəmli sənətkarın çoxşaxəli yaradıcılığında özünəməxsusluq diqqət çəkir. O, demək olar, baletdən başqa bütün musiqi janrlarında dəyərli əsərlər yazıb. Musiqişünas, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva çıxışında qeyd etdi ki, Vasif Adıgözəlovun musiqisi Azərbaycanın hüdudlarından kənarda da musiqisevərlərin rəğbətini qazanıb. Çünki bu musiqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, incə və zərif melodiya insanı nəcibləşdirir. Vasif Adıgözəlov hələ tələbəlik illərindən dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini dərindən mənimsəyib. Onun novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək musiqidə öz dəst-xəttini tapıb.
Sonra musiqişünas, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova və bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın Vasif Adıgözəlovun mahnı yaradıcılığı, “Qarabağ şikəstəsi” oratoriyası, sənətkarlıq xüsusiyyətləri barədə məruzələri dinlənildi.
Bəstəkarın “Yeddi çinar” və “Qərənfil” romansları, sonataları səsləndirildi.
Sonda sənətkarın oğlu, Xalq artisti Yalçın Adıgözəlov çıxış etdi və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, oktyabrın 27-də bəstəkarın 80 illiyinə həsr olunmuş festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi" adlı konsert olub. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor - Ağaverdi Paşayev) çıxış edib.
Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert proqramı təqdim olunacaq.
Festival oktyabrın 31-dək davam edəcək.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 28
oktyabr.- S. 3.