“Vətən sevgisi”ndən yaranan rəsmlər

 

Oktyabrın 27-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Kəmalə Musayevanın “Vətən sevgisi” adlı ilk fərdi rəsm sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid müxtəlif mövzulu portretləri nümayiş olunur.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov təqdim olunan rəsmlərdə gözəllik duyğusu, həyatsevərlik, xeyirxahlığın ifadə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, rəsm əsərlərində humanizm və insani hislərin təsviri gənc rəssamın həm də fəlsəfi yanaşmasının nəticəsidir.

Əməkdar incəsənət xadimi Rafiq Kərimov və başqaları nümayiş olunan əsərlərdə milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsindən söz açıblar.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Kəmalə Musayeva sərgidə nümayiş olunan 50-dək rəsmin 4 il müddətində ərsəyə gəldiyini diqqətə çatdırıb. Sərgi oktyabrın 29-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 2.