“Musiqi dünyası” elektron jurnalının 15 yaşı tamam olur

 

“Musiqi dünyası” elektron elmi musiqi jurnalının 15 illik yubileyi ilə bağlı Moskvada görkəmli rus musiqişünas-alimlərinin məqalələrindən ibarət “Sərhədsiz elm” (“Nauka bez qranits”) adlı toplu nəşr olunub. Toplu rus tədqiqatçı-alimi, sənətşünaslıq elmləri doktoru A.Amraxovanın və Xalq artisti, professor Fərhad Bədəlbəylinin giriş məqalələri ilə açılır.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib ki, toplunun nəşri rus musiqişünas-alimlərinin milli musiqi mədəniyyətimizə, milli musiqi elminə, onun müstəqillik dövründə yeni müstəvidə inkişaf etməsinə göstərdikləri marağın təsdiqidir.

Qeyd edək ki, “Musiqi dünyası” jurnalı Bakı Musiqi Akademiyasının dəstəyi ilə çap olunur. Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun rəhbərlik etdiyi elektron nəşr ötən 15 il ərzində qeyri-maddi irsin rəqəmsallaşdırılması və musiqi təhsilinin səviyyəsinin inkişafı istiqamətində çox işlər görüb. Elektron jurnalın Britaniya Kitabxanası, Moskva Dövlət Konservatoriyası, Rusiya EA-nın Fəlsəfə, Sənətşünaslıq institutları, Qazaxıstan Dövlət Konservatoriyası, ABŞ Təhsil və Mədəniyyət Departamenti və s. təşkilatlarla sıx əlaqələri, xarici müəlliflərin məqalələrinin jurnalda dərc olunması onun beynəlxalq sənət aləmində nüfuzundan xəbər verir.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 15.