“Milli alətlərimiz indiyədək usta monopoliyasında olub”

 

Avropada bütün musiqi alətlərini elmi şəkildə təkmilləşdiriblər

 

Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının müdiri Məmmədəli Məmmədov uzun illərdir bu sahədə çalışır. Musiqi alətlərimizi təkmilləşdirərək texniki imkanlarını artırır, musiqi mədəniyyətimizi yeni alətlərlə zənginləşdirir. İndiyə kimi o, 30-dək alət düzəldib.

 

- Məmmədəli müəllim, yeni milli alətlərin yaradılması musiqimizdə hansı çatışmazlığı aradan qaldırmağa xidmət edir?

- Öncə onu qeyd etmək istərdim ki, hələ bu günədək Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini bütünlüklə yığa bilməmişik. Bu, Üzeyir bəyin də arzusu idi. Hazırkı orkestr ortada, əlimizdə olan alətlər əsasında yaradılandır. Yetkin orkestr yığmaqdan ötrü ənənəvi kamançadan başqa bəm, bas, kontur, sub-kontur kamançalar gərəkdir. Bunu indiyədək edə bilməmişdik. Artıq kamança nəslindən olan yeni alətləri yaratmışıq və istifadə üçün Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinə vermişik. İnsanın bütün orqanları yerində olanda və düzgün işləyəndə ona “sağlam” deyirik. Eləcə də hər hansı orkestrdə bütün alətlər və səslər yerində olanda peşəkar, kamil sayılır. Bu baxımdan Xalq Çalğı Alətləri Orkestrimizdə hələ çatışmayan alətlər, səslər var. İstəyirik ki, onu bütöv orkestr kimi quraq, gərəkən bütün səslər orada olsun. Kontur oktavalı zərb alətimiz yoxdur. Onun yerinə türk davullarından istifadə edilir. Bu çatışmazlıqlar Azərbaycan Milli Konservatoriyasının, musiqi mədəniyyətimizin qarşısında duran məsələdir və həllini tapmalıdır.

- Mövcud alətlərdə təkmilləşdirmə işi nədən ibarət olur?

- Qabaqlar milli musiqi alətlərimizi düzəldəndə ustalarımız fiziki və riyazi qanunlardan elmi şəkildə yararlanmayıblar. Bu gün ölkəmizdəki alət ustalarının çoxunun yalnız orta təhsili var. Onlar dədə-babadan gələn ənənə əsasında işləyirlər. Azərbaycan milli musiqi alətlərini elmi əsaslarla istehsal edən fabriklərimiz, onları öyrənən laboratoriyalarımız, institutlarımız yoxdur. Ona görə də milli alətlərimiz bu günə qədər usta monopoliyasında olub. İndi həmin alətlərin üzərində elmi əsaslarla təkmilləşdirmə işləri aparırıq. Kamançada, tarda yüksək təkmilləşmə işləri aparmışıq. Məsələn, təkmilləşdirdiyim tarları indi Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov və başqaları ifa edirlər.

Bu yaxınlarda Ü.Hacıbəylinin 130 illiyi ilə bağlı Azərbaycan Milli Hərbi Orkestrinin təqdimatı oldu. Həmin orkestr üçün bir sıra yeni alətlər yaratdıq. Qeyd etdiyim kimi, kamança ailəsinin düzəldilməsini başa çatdırdıq. Həmin orkestrdə hər kamançadan bir neçəsi var.

- Alətlərin təkmilləşməsində dünya təcrübəsi necədir?

- Dünya alimləri hər bir alətə uyğun menzura seçirlər. Menzura - çanaq xərəyindən qol xərəyinə qədər olan məsafəyə deyilir. Həmin menzuraya uyğun olaraq simlər və sim diametrləri seçilir. Ancaq bizdə kamançaya gitara simi taxılır. Ona görə də kamançalarımız bəzən qışqırır, qulaq deşirlər. Kamançaya gitara simi qoyulduğu üçün Habil Əliyev menzurada ustalıqla dəyişiklik etmişdi. Ən ideal kamança ondaydı, menzurası 28,5 sm idi. Kamançaçalanlar bu gün də yanlış menzuralardan istifadə edirlər. Söhbət musiqi alətinin konstruksiyasından gedir. Bizdə çatışmazlıqlar yalnız milli alətlərə bağlıdır. Avropa musiqi alətlərində heç bir problem yoxdur. Onlar bütün alətləri elmi şəkildə təkmilləşdiriblər.

- Ən çox işlənən, sevilən milli alətimiz tardır. Bu gün onun texniki durumu necədir?

- Mən tarın indiki dövlət standartı ilə tanışam. Onun nə menzurasını, nə çanaq, nə qol ölçülərini düzgün verməyiblər. Azərbaycan musiqi alətlərində aparılmış təkmilləşdirilmə işləri və tar ailəsinin yaranması ilə bağlı kitab hazırlayıram. Bununla bağlı akustik elmlərə söykənərək musiqi alətlərimizin, ən başlıcası, tarın dövlət standartının yaradılması üzərində çalışıram. 15 tanınmış tarzənin tarının bütün ölçülərini çıxarmışam. Bura Hacı Məmmədov, Möhlət Müslümov, Ağasəlim Abdullayev, Firuz Əliyev, Malik Mansurov və başqalarının tarları daxildir. Həmin tarların ölçü-biçisini öyrənəndən sonra ortaq bir məxrəcə gəlinəcək, həmin əsasda standart tarlar düzəldiləcək. Burada məqsəd bütün ustalara eyni ölçünü vermək, tarın taleyini usta monopoliyasından azad etməkdir. Bununla da müxtəlif tar növlərinin standartları yaranacaq, uşaq, orkestr, bas, kontur tarlarımız ideal bir duruma gələcək. Bundan sonra isə ustaların əllərində hazır ölçülər olacaq, ona uyğun işləyəcəklər. Tarda birinci çanaq və ona uyğun olaraq qol düzəldilir. İndi bunu kim necə istəyir, elə düzəldir. Bu işdə əsas uğurum qolun çanağa olan nisbətinin əmsalını tapmaqdır. Çanağın uzunluğunu həmin əmsala vuranda qolun uzunluğunu verir.

- İndiyə kimi nə qədər alət düzəltmisiniz?

- Düzəltdiyim alətlərlə bağlı Müəllif Hüquqları Agentliyindən 19 rəsmi sənəd almışam, bütövlükdə 30-dan çox alət düzəltmişəm. Məsələn, santurda təkmilləşdirmə apardım, bununla da bütün Şərq santurları təkmilləşdirilmiş oldu. Ən başlıcası, Azərbaycan santurunu yaratdım. Qanun alətinin də üzərində iş aparıram, ondan ürəyəyatımlı səs almaq istəyirəm. Santur, davul, bütün növ kamança və tarlardakı təkmilləşmə və yenilənmələr son iki ildəki işlərimizin nəticəsidir. Son yaratdığım alət - davul hərbi orkestr üçündür. Ölçüsü 70x70 sm-dir. Dünyada belə davul yoxdur, gözəl səslənməsi var. Bir neçəsi düzəldilib, dana dərisi ilə üzlənib. Arxasında kökləmək üçün ayrıca yerlər var. İstifadə üçün çox əlverişlidir, yeriyərək də çalmaq olur.

- Nəfəs alətlərimizdə hansı yenilənmələr olub?

- Nəfəs alətləri üçün ayrıca usta cəlb eləmişik. Bu günə kimi adi, bas, tenor, piklo balaban, ney və zurna alətlərində təkmilləşdirmələr, elmi-tədqiqat işləri aparılıb. Artıq biz ağacdan, eləcə də köklənə bilən Azərbaycan neyini yaratmışıq. Nəfəsli alətlərdə ən son kəşfim dördbucaq balabanın hazırlanmasıdır. Bu alət həm üzdən, həm də içdən dördbucaq biçimli olacaq. Yumru balabanın içinin sahəsi nə qədərdirsə, dördbucaqda da o qədər olacaq. Eyni zaman fasiləsində, eyni atmosferdə buraxılan havanın həcmi hər ikisində bərabər olacaq. Balabanın uzunluğunda və dəliklərdə yerdəyişmə edilməyəcək. Dördkünc balaban hər baxımdan o birisindən üstün olacaq, alət barmağa da yaxşı oturacaq.

- Bildiyimə görə, düzəltdiyiniz alətlərin birinin adı “Rəmiş”dir...

- Bunu məşhur gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) şərəfinə belə adlandırmışam. Rəmiş alətini milli gitara saymaq olar. Gitaradakı bütün səslər birəbir burada var. Niyə bizim öz gitaramız olmasın? Gələcəkdə geniş şəkildə istehsalını da təşkil etmək olar.

Ən uğurlu alətlərimdən biri də hərbi orkestr üçün yaratdığım meydan nağaradır. Adi nağaranın içinə polad spiral yerləşdirmişəm. Zərblə vuranda mexaniki dalğa sayəsində çox əzəmətli səs yaranır.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 13.