100 il sonra Çanaqqalada

 

Müxtəlif ölkələrdən alim və yazarlar bir əsr öncə tarixin yazıldığı bu torpaqda bir araya gəldilər

 

Yüzüncü ilində qürur hissi ilə anılan Çanaqqala savaşı. I Dünya müharibəsinin əsas mərhələlərindən olan bu savaş təkcə Osmanlı dövləti üçün deyil, cəbhənin əks tərəfində olanlar üçün də taleyüklü idi. İngiltərə və Fransanın rəhbərlik etdiyi ittifaq dövlətlərinin dənizdən, qurudan hücuma keçərək əvvəlcə Çanaqqala boğazını, sonra da İstanbulu ələ keçirməyə çalışdıqları, lakin keçilməz olduğu isbatlanan Çanaqqala.

 

Həmin günlərdə türk coğrafiyasının bir çox ellərindən, o cümlədən Azərbaycandan da buraya minlərlə könüllü gəlib, mücadilədə iştirak edərək canlarından keçiblər. Bu qanlı döyüşlərin, mübarizələrin içində daha bir diqqətçəkən hadisə yaşanıb: bölgəyə elm adamları, yazıçı və mətbuat nümayəndələrinin səfəri. Bu hadisələr Çanaqqalanın canlı tarixini yazan kitaba çevrilib. 100 il sonra Türkiyə Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başqanlığın və Türkiyə Yazarlar Birliyinin işbirliyi ilə Çanaqqalaya bənzər bir səfər gerçəkləşdi. Oktyabrın 21-dən 25-dək alim, yazar və media mənsubları “100 il sonra elm heyəti Çanaqqalada” layihəsi çərçivəsində tarixi məkanda oldular.

 

Yüz il öncəki səfərin tarixçəsi

 

Osmanlı dövlətinin təşəbbüsü ilə Suriya, Fələstin və Liviyadan 31 nəfər alim və yazardan ibarət heyət 1915-ci ilin oktyabrın 21-də Çanaqqalaya səfər ediblər. Ömər Seyfəddin, Həmidullah Sübhi, Faiq Əli, Əli Canip və digərlərindən ibarət olan heyət Hələbdə bir araya gələrək yola düşüblər. Heyət əvvəlcə İstanbulda Sultan Mehmet Rəşadın “Ulduz” sarayında qəbul olunur, sonra şəhərdəki əsgəri təsisləri gəzir və Çanaqqalaya səfər başlanır. Onlar qanlı savaşın getdiyi bir zamanda, top və güllə səsləri altında vətən mücadiləsi verən əsgərlərlə, komandirlərlə görüşürlər.

Heyət üzvləri geri döndükdən sonra cəbhədə gördüklərini qələmə alaraq baş verən hadisələri bütün dünyaya anlatmağa çalışırlar. Eyni zamanda bütün müşahidələr kitab halında nəşr edilir. Beləliklə, Türkiyə Yazarlar Birliyi bu tarixi ziyarəti yenidən canlandırmaq, təkrar etmək məqsədilə ərəb ölkələri də daxil olmaqla dünyanın müxtəlif yerlərindən tarixçi, yazıçı, media nümayəndələrini bir araya gətirdi. Səfərdə Suriya, Livan, Fələstin, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan, Misir, Tunis, Yəmən, Bosniya və Kosovodan nümayəndələr iştirak edirdi. İştirakçıların bir çoxunun babaları, yaxınları bu savaşda ya şəhid, ya da qazi olublar. Ölkəmizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov təmsil edirdi.

Əvvəlcə heyət İstanbulda bir araya gəldi, oktyabrın 22-də isə Geliboluya yola düşdü. Yolüstü Bolayırda Namiq Kamal və Süleyman Paşanın qəbirləri ziyarət edildi. Axşam isə Çanaqqala hadisələri ilə bağlı məruzə dinlənildi, sənədli film nümayiş etdirildi. Layihənin məqsədi Türkiyənin tarixinin, mədəniyyətinin, 100 il öncəki döyüş və zəfərin bir daha tanıdılması idi.

 

“Nəvələrini qəbul etdiyimiz insanların babaları bu torpaqların qonağı olub”

 

Səfərin üçüncü günü, oktyabrın 23-də Çanaqqala valisi Həmzə Erkal, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başqanlığın rəhbəri Qüdrət Bülbül, Türkiyə Yazarlar Birliyinin fəxri rəhbəri Mehmet Doğanın heyətlə görüşü keçirildi. Tədbirdə həmçinin yerli mətbuat nümayəndələri, elm adamları və tələbələr də iştirak edirdi. Vali bildirdi ki, insanlar 100 il öncə birlik və bərabərlik içində necə gəlib bu vətəni xilas etdisə, eyni şəkildə biz yenə də birlik və bərabərliyimizi qorumalıyıq.

Q.Bülbül isə o dövrün hadisələrini belə təsvir etdi: “Ürək dağlayan bir mücadilə davam edərkən, Mehmet Akifin qollar, ayaqlar uçur deyə təsvir etdiyi döyüşün getdiyi zamanda ordumuzu mənəvi baxımdan güclü etməyə çalışırdıq. Bu məqsədlə də Çanaqqala baş verənləri dünyaya duyurmaq üçün belə bir proqram təşkil edildi”.

“Yüz il öncə yenə bu gün nəvələrini qəbul etdiyimiz insanların babaları bu torpaqların qonaqları olub”, - deyən Mehmet Doğan qeyd etdi ki, bir əsr öncəki yaddaşımızın Çanaqqalasının keçilməz olduğunu bildirmək üçün yenə bir aradayıq. Çanaqqala bütün coğrafiyamızdır. 100 il öncə müştərək savaşımızı orada şərəf və ləyaqətlə bitirdik”.

Türkiyə Yazarlar Birliyinin sədri Hicabi Kırlangic zəfərin 100 ili münasibətilə keçirilən bu layihənin bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini dilə gətirdi: “Bugünkü nəsillər üçün o günləri yad etmək, mədəni ölçüsünü göz önündə canlandıraraq o zənginliyimizi və bu savaşın zirvə bir savaş olduğunu, bu günü də ifadə edən tərəflərini unutmamalıyıq. Amma bu mücadilənin də daha çox mədəni ölçüdə olması lazımdır”.

Çıxışlar bitdikdən sonra tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.

 

 

 

 

 

Xatirəyə çevrilən Çanaqqala

 

Sonra heyətin Çanaqqala boğazı boyunca savaşın baş verdiyi ərazilərə ziyarəti başlandı. Bu isə artıq fərqli Çanaqqala idi - amansız döyüşlərin, minlərlə insanın can verdiyi və bu gün muzeyə, xatirəyə çevrilən Çanaqqala. Doğrudan da, bu savaşda dünyanın bir sıra ölkələrindən gələn türk-müsəlman fədailərinin göstərdikləri şücaət və igidlik bu gün də örnək olmalıdır. Savaş zamanı baş verən ən kiçik fraqmentlər də insanı həyəcanlandırır: sağ əlini itirib, sol əli ilə vuruşan əsgər, döyüş zamanı yoldaşlarının hamısının öldürüldüyünü görən və bundan sonra 276 kq-lıq mərmini inanılmaz bir güclə topun lüləsinə qoyaraq atəş açan və düşmən gəmisini yandıran Seyid Çavuş, oğluna xitabən “Qolunun yaralandığını eşitdim. Amma sən buna sevinməlisən, çünki sən bütöv bir nəsli xilas etmisən” məktub yazan ana, Atatürkün silah üçün geri dönmək istəyən əsgərə, “silah yoxdur, süngü ilə döyüşəcəksən, əsgər geri dönməz” deməsinə qədər hər bir məqam insanın gözləri önündən keçir.

Çanaqqalada döyüş yerləri, səngərlər, qələbənin əldə olunmasında böyük rol oynayan 57-ci alayın şəhidliyi, Mustafa Kamalın hərbi heyəti ilə yer aldığı və paşa rütbəsi qazandığı 25-ci tümənin döyüş bölgəsi, Dənizçilik muzeyi, Nüsrət gəmisi, Çimənli qalası, Akbaş şəhidliyi, Çanaqqala muzeyi və digər önəmli yerlər ziyarət edildi. Bu barədə isə növbəti yazımızda.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 12.