Türk
dünyasının görkəmli söz adamı
Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar nəşr olunmuş kitabların təqdimatı keçirildi
Oktyabrın 28-də
Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə
əlaqədar TÜRKSOY tərəfindən
hazırlanmış “Türk dillərində Bəxtiyar
Vahabzadənin 90 şeiri”, Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə nəşr edilən “Örtmə
pəncərəni” kitablarının və Milli Kitabxana tərəfindən
tərtib edilmiş “Bəxtiyar Vahabzadə” biblioqrafik göstəricisinin
və elektron məlumat bazasının təqdimat mərasimi
keçirildi.
Tədbir şairin öz səsində lentə alınan “Allah” şeirinin səsləndirilməsi ilə başlandı. Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözündə Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs etdi, onun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevimli şairi olduğunu bildirdi. Direktor təqdimatı keçirilən nəşrlər haqqında məlumat verdi, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, gərgin və uzunmüddətli zəhmətin bəhrəsi olan biblioqrafiyanın tədqiqatçı və yazarlar üçün faydalı vəsait olduğunu söylədi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, ölkə rəhbərinin sərəncamı ilə böyük şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyi geniş şəkildə qeyd olunur. Nazirlik tərəfindən də bu münasibətlə müxtəlif tədbirlər təşkil edilir.
Qeyd olundu ki, şairin əsərləri orta məktəb şagirdlərindən tələbələrə, yaşlı nəsil poeziya həvəskarlarına qədər hər kəsin dillər əzbəridir: “Çünki Bəxtiyar Vahabzadə vətənpərvər şair, Azərbaycanın suverenliyi uğrunda qələmi və əqidəsi ilə mübarizə aparan insan olmuşdur. Şair həyatının çox hissəsini sovet rejimində yaşamasına baxmayaraq, azad və sarsılmaz əqidəsi ilə zamana və ictimai quruluşa meydan oxuyan əsərlər yaradıb. Gənclik illərində qələmə aldığı “Gülüstan” poeması dillər əzbəri oldu. Bəxtiyar Vahabzadə xalqın sevdiyi şəxsiyyət və qüdrətli sənətkar pilləsinə yüksəlməyi bacardı. Şairin poemaları olduqca təsirlidir. Bu əsərlərdə şairin daxili dünyası, dərin duyğuları və düşüncələrinin şahidi oluruq. Onun yaradıcılığı vətənə məhəbbətlə nəfəs alır. Şairin əsərləri müxtəlif dillərə tərcümə olunub. O həm də görkəmli alim və pedaqoq kimi ədəbiyyatçılar nəslinin yetişməsində böyük əmək sərf etmişdir”.
Təqdim edilən kitabların əhəmiyyətini vurğulayan Sevda Məmmədəliyeva bu nəşrlərin gələcək nəsillərə ərməğan olduğunu bildirdi, kitabların ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür etdi.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı qurumun baş katibi Düsen Kaseinovun təbrik və salamlarını çatdıraraq Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya, hər üç kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Zaman Əsgərli, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi Malik Otarbayev, BDU-nun professoru Etibar Talıblı görkəmli şairin yaradıcılığından söz açdılar.
Bildirildi ki, Xalq şairinin əsərləri ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet respublikalarının xalqlarının dillərinə tərcümə olunub. Çıxışlarda türk dünyası ədiblərinin əsərlərinin dünyaya tanıdılmasında TÜRKSOY təşkilatının rolu xüsusi qeyd edildi. Vurğulandı ki, Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə TÜRKSOY-un layihəsi ilə çapdan çıxan kitabda şairin Azərbaycan, qazax, qırğız, özbək, türkmən və türk dillərində 90 şeiri yer alıb. Kitab türk xalqlarının Bəxtiyar Vahabzadə yaradıcılığı ilə daha yaxından tanışlığına vəsilə olacaq.
Mərasimdə Milli Kitabxananın hazırladığı Bəxtiyar Vahabzadə haqqında videofilm nümayiş olundu və elektron məlumat bazası təqdim edildi.
Tədbirin sonunda kitabın ərsəyə gəlməsində əməyi keçən təşkilat və tərcüməçilər TÜRKSOY-un xüsusi mükafatları ilə təltif olundular. İştirakçılar şairin yaradıcılığını əks etdirən “Bəxtiyar Vahabzadə - 90” adlı kitab sərgisinə də baxdılar.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 30
oktyabr.- S. 4.