TARın ustadlıq YARı

 

“Tarı sinəsinə bütün Şərq balasıtək alan” Qurban Pirimov

 

Deyirlər, 85 il yaşamış bu adam nəinki ömrü boyu, hətta vəfatından bir həftə əvvəl Filarmoniya səhnəsində “...düz 23 dəqiqə (və özü də “doqquzuncu val”da!) çaldığı “Rahab”da da bir xal belə yanılmayıb.

Bunu söyləyən yaşlı müasirləri lap köhnə kişilərə istinadən bunu da deyirdilər ki, nakam şairimiz Mikayıl Müşfiqi məlum şeiri yazmağa ruhlandıran da elə məhz Qurbanın çalğıları olub...

 

Deməli, oxu tar, oxu tar, səndə “geniş kütlənin acısı, şirini, şərbəti” ilə bahəm, ustad Qurban ruhu, lətafəti də var! Hələ bu adamın öz nəfsi, mənəvi-əxlaqi mədəniyyətilə, yüz illərdi şikəstələdiyimiz “...tar çalan simi gözlər” kimi milli vəsiyyətə ömrünün səksənbeşinədək sədaqətlə vəfa etməsini demirəm...

Oxu, ey böyük mədəniyyət-musiqi alətlərimiz içrə müdrik ağsaqqal! Oxu, öt və aradabir “səni kim unudar?!” kimi sual-nidalarına belə bir səda da qat: Siz ey bu həmişəcənnət sənət-alətə bir vaxtlar “çerez gitara” baxanlar, “Oxuma, tar! Səni sevmir proletar!” - deyə, sovet ildırımı çaxanlar və hələ günü bu gün də o veteran “kultura”çıların çaldıqlarını yeni “aranjiman”-“pijon”nimanlarda davam etdirərək, modal anti-aborigen “obrazavoyski”liyə inteqrasiya olunmaq istəyənlər! Bilin ki, söhbət bu gün ən müasir, ultra-Qərb salonları belə “qocaman Şərq xəyalatına daldıran”, şəbəkə-şəbəkə şöbələri, ixtiyar-ağsaqqal “mayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşu” gedişlərilə əcnəbiləri də yavaş-yavaş, “ahəstəcə qandıran” muğamın baş qəhrəmanı olan bir alətdən gedir!

Və bu baş qəhrəmanın -

 

Baş ifaçısı olmuşdan...

 

Ay Qurban dayı, eşitmişik ki, sənin barmaqlarına “tarı dil-dil dilləndirib, gül-gül gülləndirən” deyirmişlər. Səni əsl Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan “ən dərin dərs almış ustad” adlandırırmış həmkarların. Hələ sonralar məclislərin birində çalğılarını eşidib heyrətə gələn ulu Sadıqcanın öz sözləri: “Qəlb mənzilinə axşam mehi kimi dolub, şam kimi yanan çalğı!” Sən sənətimizin İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski kimi Səs nəhənglərini də Söz başına çəkib, onlara; “...tarı sinəsinə bütöv Şərq balasıtək alan”, “mizrabıyla sənət gürzəsitək çalan”, “Ərəbzəngi kimi bac alan” kimi deyimlər dedirtmisən.

Sənin “saznan dediyin” muğam-məqamları söznən - yazı-pozu “təsnif”lərilə söyləmək çox müşkül məsələdir, ustad!

Deyirəm, bəlkə, bu aciz qələmi “ailədən aləmə” pərdəsi üstdə kökləyim? Bu, Sənin “ikili” doğuluşuna - ayrıca bir ailə ilə bərabər, el-elata, xalqa, millətə, böyük sənət aləminə gəlməyinə işarətdir. Axı Sənin özündən yüz il əvvəl nəsil-nəcabət şöhrətin doğulub; baban Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gur çeşmələrindən, ədəb-irfani gözlərindən biri olub. Sən sonrakı yüzilin 80-ci ilində o məşhur sazəndə ocağının növbəti parlaq közü olaraq doğulmusan. Sənin də sənədinə bənzərsiz sənət yurdlarımızın adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On yaşından on üçünə qədər atan səni - çalıb irəli getdiyin bütün pərdələrdən ən azı üç dəfə geri qaytarırmış. On dördündə - bığ yerin təzəcə tərlədiyi yaşında isə “Sudan gələn sürməli qız”ı necə çalıbsansa, o çağadək kərəntisi ilə ot-alafdan (və qılınc-qəməsilə hər yay dağa köç zamanı Hoğa kəndindəki oğru dığalardan) savay heç nə çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. Hələ ardınca, niyə məhz bu mahnını bu cür havalandırmağının səbəbkarına - gündə bu qapıdan 10-15 dəfə keçərək suya gedib-sudan gələn bir sürməsiz qızcığaza yönəli - sənə bir “arifi” göz də basıb...

 

Və digər xatirələrə görə...

 

On dörd yaşında atasının alqışını, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alan Qurban Pirimov Qarabağ toylarında pir xanəndələri müşayiət etməyə başlayır. Hərdən Azərbaycan sərhədlərindən kənarlara dəvət alır. Bu qos-qoca alət çox gənc Qurbanın kövrək sinəsində daha bir örnək-yuva tapır. O toyların birində böyük xanəndə İslam Abdullayev gələcək günlərin birində “Bu yaşda - tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb Azərbaycan anasıtək dilləndirən” heyrətilə öyəcəyi Qurbanı görüb, onu özünə daimi müşayiətçi götürür. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularına “qənim” kəsilir. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu (İslam Abdullayevdən razılıq alaraq) onu özü ilə Bakıya gətirir.

O, Bakıya düşəndə bu şəhərdən tək neft iyi yox, böyük sənət qoxusu da gəlirdi. Azərbaycan mədəniyyəti yepyeni bir sənət övladına hamilə idi. 1908-ci ildə həmin əsər-övlad - “Leyli və Məcnun” doğuldu və 28 yaşlı Qurban bu operanın ilk tamaşasında orkestrin solisti oldu.

Sonra yaş üstünə yaş gəldi. Qurban-Məcnun həyatda öz Leylisini tapsa da, səhnədəki “Leyli və Məcnun” məhəbbətindən doyub-dolanmadı. 1908-i 1918-ə, 28-ə, ...58-ə caladı. Deyirlər, bu əlli ildə - min dəfə çalıb-çağırdığı o tamaşalar zamanı bu qədim-qayım kişinin üzü bir kərə də gülməyib. Nədən ki, nə qədər çalıb-çalışsa da, Leylini Məcnuna verə bilməyib...

 

Bu yazının segahi “təsnif”i...

 

Yuxarıda demişdim axı, on üç-on dördündə bir yanlış xala görə atası onu dəfələrlə - səslənişi bəd çıxsa da - dala qaytarırmış. Və yəqin elə bir də buna görə səksən beşində - 1965-in avqustunda Dövlət Filarmoniyasındakı gənc ifaçıların konsertinə fəxri qonaq kimi, sonda isə arasıkəsilməz alqışlar altında ifa üçün səhnəyə dəvət edilən bu sənətkar 23 dəqiqə çəkən “Rahab”ı elə çalıb ki, tamaşaçılar onu tufan-alqışlar altında düz üç dəfə səhnəyə qaytarıblar. O isə bu dəvətlərin birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə gah alqışçılara, gah da - bir “səbəbkar” olaraq onun üzünə mat-mat baxan gənc ifaçılardan birinin qolundan yapışaraq, üzrxahlıq və minnətdarlıq dolu baxışlarla səhnəni tərk edib. Həmin epizod görkəmli musiqişünas Firidun Şuşinskinin qələmilə də musiqi tariximizə düşüb: “Mən Qurban Pirimovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, Qurban dayı da iştirak edirdi. Səksən beş yaşlı qocaman tarzən “Rahab” çalırdı. Yox, o, tək elə muğam çalmırdı. Saçını sənət yollarında ağartmış bu sənətkar həmkarları demişkən, “öz ustad başını xəzinə sinəsinə sıxdığı sədəfli tarı” üstə yatımlayıb, barmaqlarını simlərə gənclik ehtirasıyla toxundurduqca, salondakıların ruhunu da çalırdı!..”

Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşcə qıvraq, mizrabı şaqraq bu ustad vur-tut 19 gündən sonra - 1965-ci il avqustun 29-da dünyasını dəyişəcək.

Amma o tamaşaçılar, bütün musiqi ictimaiyyəti belə bir mətləbin fərqindəydilər ki, çox xanəndələri müşayiət etsə də, o ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. “Tardan Ərəbzəngi kimi bac alan Qurban” onu “bağrı-badaş dostluqda tənha qoyub getmişdi”. Daha hansısa şöbədə, keçiddə, ayaqda hansı çaları vurğulamağı əlbəəl qurğulayan, baxışlarını göydə tutan, bütün fövri him-cimlərini murazına yetirən ustad qeybə çəkilmişdi...

Öz dövründə “bütün el-obalar, xəlq-xəlayiqlər sevimlisi” olmuş bu sənətkarın “Xalq artisti” şöhrəti, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, neçə-neçə filmoqrafiya fakturaları, hətta adı çəkiləndə “köhnə” sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir. O xatirələrə hələ deyilməmiş belə birisini də qoşaq: Qurban Pirimov tardan əsrlərlə gec doğulsa da, xatirəsi, örnəkliyi tarın gələcəyi qədər yaşayacaq ki, bunu da “əbədiyaşam dəstgahı” adıyla bu gün bəşəriyyətin ali mədəni irs siyahısına düşmüş muğamımızın xəyali bir ailə üzvü hesab edək...

 

Tahir Abbaslı

 

Mədəniyyət.-  2015.- 30 oktyabr.- S. 11.