Lənkəran teatrında aktrisanın yubileyi qeyd olunub

 

Oktyabrın 27-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Şahrud Mehdiyevanın anadan olmasının 60 illiyi münasibətilə mərasim keçirilib. Tədbiri giriş sözü ilə teatrın direktoru Tofiq Heydərov açıb. Sonra teatrın baş rejissoru Tural Mustafayev, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev yubilyar haqqında ürək sözlərini dilə gətiriblər.

Qeyd olunub ki, Ş.Mehdiyeva 60 illik ömrünün 42 ilini Lənkəran Dövlət Dram Teatrına həsr edib. Aktrisanın səhnədə oynadığı Kleopatra (“Kölgələrin oyunu”, Y.Edlis), Bahar (“Ana laylası”, İ.Coşqun), Gülnaz (“Pul dəlisi”, Ə.Orucoğlu), Xumar (“Bir ovuc torpaq”, H.Allahyarov), Nofa (“Nazirin xanımı”, B.Nuşiç), Miletta (“Ezop”, Q.Fiqereydo) və s. obrazlar onun məhsuldar yaradıcılığının səhifələridir.

Şahrud Mehdiyeva teatr sənətində fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı, bir sıra fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.

Tədbirdə Lənkəran teatrının rəhbərliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Lənkəran rayon komitəsi tərəfindən yubilyara fəxri fərman və pul mükafatı təqdim olunub.

 

Ağaddin Babayev

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 10.