Bələdçi kursları fəaliyyətə başlayıb

 

Bələdçilər xalqın qonaqpərvərliyinin, turizm xidmətlərinin səviyyəsinin göstəricisidir

 

Oktyabrın 24-dən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) ödənişsiz ekskursiya bələdçisi kurslarına başlayıb.

Kursların təşkilində məqsəd xarici turistlərə Azərbaycan haqqında müfəssəl məlumatlar verə bilən təcrübəli bələdçilərin hazırlanması ilə ölkə turizminə töhfə verməkdir. Kursları müvəffəqiyyətlə bitirən şəxslər AZTA ilə müqavilə əsasında işlə təmin olunacaqlar. Kurslara 20-30 yaşlarında müxtəlif xarici dilləri bilən gənc qız və oğlanlar dəvət olunub. Qrup 25 nəfərdən ibarətdir. Dərslər Azərbaycan və rus dillərində keçirilir.

Bu barədə məlumat verən AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycan Turizm və Menecment Universitetində belə kursların artıq bir neçə ildir təşkil olunduğunu və 50-dək bələdçinin hazırlandığını diqqətə çatdırdı: “Azərbaycanda ekskursiya bələdçilərinə tələbat çox böyükdür. Bizim səriştəli və savadlı bələdçilərə ehtiyacımız var. Bu da onların işlə təmin olunmasında heç bir çətinlik yaratmayacaq. Bələdçilər xalqımızın qonaqpərvərliyinin, ölkəmizin mədəniyyətinin carçısına, turizm xidmətlərinin səviyyəsinin göstəricisinə çevrilirlər. Onlar ölkəmizin mədəni, ictimai, siyasi, iqtisadi həyatı və tarixi haqqında dərin biliklərə sahib olmalıdır. Geniş dünyagörüşünə malik olmalı, xarici dilləri mükəmməl bilməlidirlər”.

Həmsöhbətim deyir ki, AZTA-nın nəzdində ekskursiya metodik bürosu yaradılır. Mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən bələdçilərin təqdim etdikləri mətnlərin dəqiq metodik üsulu işlənib hazırlanmalıdır: “Bu mətnlər AMEA-nın müvafiq institutları tərəfindən təsdiq olunmalıdır. Bununla bağlı müəyyən boşluqlar var və metodik büronu yaratmaqla bu boşluğu doldurmaq istəyirik. Mətnlərdə marşrutlar və onların əhatə etdiyi ərazilərlə bağlı tarixi faktlar əksini tapmalıdır. Ona görə də ekskursiya mətninin məzmunu dəqiq elmi əsaslarla hazırlanmalıdır”.

Müzəffər Ağakərimov bildirdi ki, Bakı və respublikamızın regionları günü-gündən inkişaf edir, bununla bağlı yenilənən məlumatlar da mətnlərdə əks olunmalıdır.

Müzəffər Ağakərimov kursların davamlı təşkil olunmasının planlaşdırıldığını və gələcəkdə ödənişli olacağını da qeyd etdi.

Mütəxəssisin fikrincə, bələdçilərin dərəcələri olmalıdır: “İşə yeni başlayan bələdçi ilə uzun illər bu sahədə çalışanların məlumatlılıq dərəcəsi, təcrübəsi eyni ola bilməz. Bu baxımdan dərəcələrə bölünmə vacibdir. Bələdçilər 1-ci, 2-ci və 3-cü dərəcəli ola bilər”.

O, bütün bu məsələlərlə bağlı təklifləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiklərini bildirdi.

Qeyd edək ki, kursa yazılmaq istəyənlər əvvəlcə CV ilə AZTA-ya müraciət ediblər. CV-si uyğun bilinənlər müsahibəyə çağırılıb və seçilib. Xarici dil bilmə səviyyəsi, nitq qabiliyyəti, xarici görünüşü və ən əsas da ölkəmiz haqqında dolğun biliklərə sahib olanlara üstünlük verilib. Kursları həmçinin səyyar şəkildə regionlarda da təşkil etmək planlaşdırılır. 2 ay davam edəcək kursları bitirənlərə sertifikatlar veriləcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.-30 oktyabr.- S. 9.