Qeyri-adi düşüncə və realist təsvirlər

 

Tanınmış rəssam Rəşad Mehdiyevin fərdi sərgisi açılıb

 

Oktyabrın 27-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı, Rusiya İmperator Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevin fərdi sərgisinin açılışı oldu. Sərgi dünya brendi olan “Hennessy” Konyak Evinin yaradılmasının 250 illiyi münasibətilə təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov rəssamın nümayiş olunan əsərləri haqqında məlumat verdi, sərginin tamaşaçılarda yaxşı ovqat yaradacağına əminliyini bildirdi.

“Hennessy” Konyak Evinin MDB ölkələri üzrə direktoru Jülyen İssenman Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, “Hennessy” 250 illik yubileyini Bakıda rəssam Rəşad Mehdiyevin fərdi sərgisi ilə qeyd edir. Şirkət rəsmisinin sözlərinə görə, “Hennessy” brendinin tarixi hər zaman sənət dünyası ilə sıx bağlı olub. Şirkət incəsənətin inkişafını daim dəstəkləyib və bu gün də dünyanın bir çox tanınmış rəssam və dizaynerləri ilə əməkdaşlıq edir. “Hennessy” məhsulları ilk ötən əsrin əvvəlində Bakıya gətirilib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov qeyd etdi ki, Rəşad Mehdiyev öz üzərində davamlı olaraq işləyən rəssamdır. O, öz yoluna, üslubuna sadiq qalaraq gözəl əsərlər yaradır.

“Hennessy” şirkətinin Azərbaycan təmsilçisi Cəmilə İsgəndərzadə bu sərginin keçirilməsi ideyasının bir il öncə yarandığını və nümayiş olunan əsərlərin “Hennessy” fəlsəfəsini əks etdirdiyini dedi.

Rəssam Rəşad Mehdiyev sərginin təşkilinə dəstək verdiyinə görə Heydər Əliyev Fonduna, Müasir İncəsənət Muzeyinə, “Hennessy” şirkətinə minnətdarlığını bildirdi, sərgiyə gələn hər kəsə təşəkkür etdi.

Türkiyəli opera müğənnisi Oya Ergin italyan bəstəkarı Alessandro Scarlattidən bir parça ifa etdi.

Sonra tamaşaçılar sərgi ilə yaxından tanış oldular. Ekspozisiyada rəssamın yeni tabloları, heykəltəraşlıq əsərləri və instalyasiyaları nümayiş edilir. Sərgilənən əsərlərin çoxu bu il yaradılıb.

Həmişə rəsm sərgilərində tamaşaçıları bir sual düşündürür: görəsən, rəssam bu əsərdə nə demək istəyib? R.Mehdiyevin əsərləri də tamaşaçılarda bu sualı doğurur. Başlıca məqam rəssamın hər əsərində obrazların gerçək təsvirləri, həm də qəribə durumları ilə diqqəti çəkməsidir. Rəssam qeyri-adi düşüncə, hal yaratmağa çalışırkən gerçəklikdən uzaqlaşmaq istəsə də, onu tamaşaçı üçün dəyişməz istinad obyekti kimi saxlayır.

R.Mehdiyevin əsərlərində gerçəklik gördüyümüz kimi yox, rəssamın bizə göstərmək istədiyi kimidir. Təbii ki, hər bir rəsm əsərinə rəssamın gözü ilə baxmaq gərəkdir. Yalnız belə olanda əsəri anlamaq, qavramaq mümkündür. Əsərin rəssam tərəfindən adlandırılması da onun dərk edilməsinə birbaşa yardımçı olur. Bu sərgidə R.Mehdiyevin bir neçə əsəri “Adsız” kimi tamaşaçılara təqdim olunub. Adsızlıq daha çox gerçək olmayan, gerçəklik kimi qəbul edilməyən olaylara bağlılığı ifadə edir.

Sərgidə rəssamın “Mövsüm”, “Hennessy”, “Portret”, “Cənnət ağacı”, “Milli geyimdə qadın”, “Uçuş”, “Ağac”, “Qırqovul”, “Rəqs”, “Güzgü”, “Təcavüz”, “Görmürəm”, “Bayquş ilə qadın portreti”, “Məcnun”, “Gecə”, “Leyli”, “Mələk”, “Xalçanın uçuşu” və başqa əsərləri nümayiş olunur.

Diqqətçəkən məqamlardan biri rəssamın əsərlərində naxış elementlərindən də istifadə etməsidir. Müəllifin xarakterik obrazları olduğu kimi, öz sevimli rəngləri də var və bu bütün əsərlərində görünür.

Xatırladaq ki, Rəşad Mehdiyev Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu və Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sonra Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində təhsilini davam etdirib. 2000-ci ildən ADRA-da pedaqoji fəaliyyətlə məşğuldur.

Rəssamın əsərləri Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ və digər ölkələrdə fərdi və birgə sərgilərdə nümayiş etdirilib. Özəl kolleksiyalarda, həmçinin Avropa və Asiyanın bir sıra muzeylərində saxlanılır.

Müasir İncəsənət Muzeyində sərgi noyabrın 2-dək davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 8.