Moskvada "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı

 

Moskvada Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, XX əsr rus ədəbiyyatının bütün genişliyini dərginin bir sayında əhatə etmək mümkün deyil. Xalqları bir-birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan yazıçı bu baxımdan nəşrin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovskaya jurnalın bu il qeyd olunan “Rusiya ədəbiyyatı ili” çərçivəsində nəşr olunduğunu, iki ölkə arasında mədəni əlaqələrə xidmət etdiyini bildiriblər.

Xalq şairi Fikrət Qoca, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Manaf Ağayev, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü Afaq Şıxlı və başqaları Azərbaycan və Rusiya ədəbi əlaqələrindən danışıblar.

Jurnalda Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digər yazıçıların seçmə əsərləri toplanıb.

Mərasimin sonunda Xalq artisti Mələkxanım Əyyubovanın ifasında Azərbaycan musiqisi səslənib.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 4.