Millətin Bəxtiyar şairi

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd edildi

 

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması naminə altmış ildən artıq bir müddətdə yorulmadan yazıb-yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Hər zaman xalqının yanında olmağı bacaran şairə millət sevgisi də tükənməzdir.

 

Oktyabrın 29-da Heydər Əliyev Sarayında Xalq şairinin 90 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsinə də dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri ilə yanaşı, yüzlərlə poeziya həvəskarı qatılıb.

Tədbir iştirakçıları əvvəlcə foyedə görkəmli şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin əsərlərindən və ona həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın dahi şair və şəxsiyyətləri sırasında Bəxtiyar Vahabzadənin adı tamamən fərqli, bənzərsiz və olduqca əhəmiyyətlidir. Güclü bir istedadla ədəbiyyata gələn Bəxtiyar Vahabzadə ötən əsrin 40-50-ci illərindən başlayaraq son nəfəsinə qədər vətənin, əqidənin və bədii sözün əsgəri olub. Bəxtiyar Vahabzadə qüdrətli şair idi. Onun qələmindən çıxan şeirlər, poemalar emosionallığı, fəlsəfi dərinliyi, bədii qüdrəti ilə Azərbaycan və dünya oxucusunun qəlbini həyəcana gətirir, dillərdə dolaşır. Xalqın azadlığı, müstəqil dövlətçilik, vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam şairin yaradıcılığının əsasını təşkil edir.

Nazir vurğulayıb ki, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. Bəxtiyar Vahabzadənin yubileyi türk dünyasında da qeyd edilir. TÜRKSOY-un dəstəyi ilə “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı çap olunub.

Qeyd edilib ki, Bəxtiyar Vahabzadə həm də böyük elm adamı, gözəl pedaqoq və dramaturq idi. Uzun illər milli professional səhnədə uğurla nümayiş etdirilən “Yağışdan sonra”, “İkinci səs”, “Özümüzü kəsən qılınc” kimi dram əsərlərini yaradıb. Son 30-40 ildə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Bəxtiyar Vahabzadə dövlət səviyyəsində də, xalq yanında da milli istiqlal ədəbiyyatının, milli istiqlal düşüncəsi və hərəkatının öndə gedən bayraqdarlarından biri kimi qəbul olunub. XX əsrin ikinci yarısında - sovet ideologiyasının ən sərt dönəmlərində Bəxtiyar Vahabzadənin ana dili uğrunda apardığı mübarizə əslində təkcə dil amilini əhatə etməyib, geniş mənada milli istiqlal, azad vətən, müstəqil dövlət uğrunda mübarizənin tərkib hissəsi kimi meydana çıxıb.

Onun 70-90-cı illərdə yazdığı əsərlər Azərbaycan ədəbiyyatının açıq istiqlal kitabıdır. O həm də yazdıqlarının, ifadə etdiyi idealların konkret daşıyıcısı kimi də xalqımızın önündə gedib, müstəqillik uğrunda mübarizədə ziyalı mövqeyini, borcunu və məsuliyyətini şərəflə yerinə yetirib. Bəxtiyar Vahabzadənin dramaturgiyası da poeziyası, lirikası kimi milli istiqlal və müasirlik məsələlərinə həsr olunub. Qılıncdan da kəsərli olan fəlsəfi-dramatik pyesi “Özümüzü kəsən qılınc” əsəri bu gün də ədəbiyyatımızın zirvəsində dayanan əsərlərdəndir.

Bəxtiyar Vahabzadə bədii yaradıcılıqda olduğu kimi, elmi yaradıcılıqda da həmişə millilik, elmilik, tarixilik, xalqın elmi irsinin millətə çatdırılması kimi məsələlərin mübarizəsini aparıb. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanıb.

Gecədə qiraət ustaları şairin poeziyasından nümunələr söyləyiblər. Ədibin dram əsərlərindən parçalar nümayiş etdirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Mədəniyyət.- 2015.- 30 oktyabr.- S. 2.