Ay “Qaragilə”!..

 

Ey - illərdi bir məchul və nakam “qızıl gülü əsdirib, səbrimizi kəsən Kəs...

 

Ay öz bülbül rübabilə solğun könülləri belə gülləndirən Rübabə xanım!

Ey - avazı “dilini anası bilər”ləri də dilləndirən, cavan-comrul qəlblərini selləndirib, qoca-qarı xəyallarını tülləndirən canlı sənət Qəzəli!..

Ay doğma yurd-yuva həsrətindən yana o dünyaya Xan Arazı “qanlı” tutub gedən cənnət Gözəli!..

Bu qədər sənət yatırı, səs-avaz qatarı müqabilində əllicə illik bir ömür nəmənə imiş səni Tarı, ay saysız sevərlərinin qısqanılmaz Yarı?!.

 

...Amma hələ o dünyaya tez getməyindən və bununla bizə necə zülm etməyindən öncə, bu dünyadakı incə-mincə dəmlərin, qönçə-xonça bəmlərin, halay-vuray zillərin barədə, Xanım, hey!..

Onlardan bir dəsti də - nərmənazik könüllərə, qəlbi qəlblərə nəqş etdiyin “Sənsiz ey şux, mənim xoş güzəranım yoxdurkimi hicr nalələri, “Ağac olaydım, yolda duraydım, sən gələn yollara kölgə salaydım” sayaq sevgi halələri, “Yar yardan ayrılsa da, məhəbbət ölüncə var” axar-baxarlı eşq şəlalələridir, ey fundamental-ornamental muğamxalq mahnıları ustalığında ustad Nəqqaşə, XANım XANəndəliyində təkrarsız -

 

Bənzərsiz Bəndə!..

 

...Kaş Səndən qəzetimizin mart (22) tarixçəli sayında - bu dünyaya gəliminlə ilgili yazıb, canımı qurtarmış olaydım, ay Muradova Rübabə Xəlil qızı! Ki, ifalarındakı alov-atəşlərə, o tayımızdan, orda qalan ilk məhəbbətindən yana nisgil siləli həyat dramına, bu dünyadan yarımca əsrlik bir ömürcüklə getməyin ağrısına qüvvət verən bu qorabişirən avqust tilişkəsinə ilişməyəydim...

Sənə butaylı bizlərdən bir köynək yaxın həmyerlin Şəhriyar Dədə demiş, “bir biləydim”, bu saat mənim bu sözləri yazmaqdan əlavə, zümzümələdiyim də ruhuna əyanmı, ay qəlbi parə “Qaragilə” Qız?!.

Sən bu ilahi nəğməni bu tayda oxuyub lentə aldırmısan, bilirəm. Bəs Sən? Xəbərsənmi ki, bəndəniz Sənin o mahnıdakı “Dərbənd aralı, könlüm yaralı, Bir yar sevmişəm, Qaragilə, - ellər maralı” bəyanının Bakıdan yox, məhz Təbrizdən car etməyindən də xəbərdardı! Mən bunu elə o vaxtlardan həm Səsindəki Təbrizovuz nisgildən, həm də nəfəsindəki məsafədən - mənbə-mənsəb uzaqlığından hiss etmişəm: axı, sabiq “Dəmir qapı Dərbənd”imiz o tay paytaxtından bu tay paytaxtına nisbətdə daha “aralı”...

Hələ bunu demirəm ki, bəlkə elə bu qənirsiz ifaçının özü imiş - o mahnıdakı o müqəyyəd “dağlar maralı”...

Bir dəfə Rübabə xanımı AzTV-nin dəhlizində yaman halda, lap elə oxuduğu təsniflərdən birinin bir misrası (“Ay bu yaman gündə...) günündə gördüm və dilimdən bir söz çıxdı: “içdən çilik, üzdən əntiq termos...” Yan-yörəmdəkilər bu “obraz”ıma təbəssümləndilər, mənsə öz-özümə fikirləşdim: “haçansa bu kumirim haqda yazası olsam, sətirlərimdən qan-qada yağacaq...”

bu saat, deyəsən, -

 

Elə “o məsələ”...

 

Düz demirəmmi, ay təkrarsız messosoprana?!.

Düz deyirəm. Bununla belə, bilirəm ki, bir yazıda bu ton-baritonluqla ağılayıb-yuğlamaq olmaz. Bilmədiyimizmətləblər var, amma. Məsələn, Sən öz can-cismində yaylayıb-qışlayan qəmu-həsrətlərini dinləyici ilə o cür ahəngi-zəngulələr, o sayaq bərdaşi-güşələrlə paylaşırdın, həmi? Bəs bu saat Səni səssiz-səmirsiz biralət”lə - qələmlə ifa etməyə çalışan bu azarkeş-yazarkeşin neyləsin, “arxa-nova” yatmaz duyğularını oxucularıyla necə bölüşsün, ay görkəm-gözəllikcə major, özgür-özəllik, bəxt-talecə minor xanım?!.

Amma o bəxt, o tale - şair demiş, “çox da sevinməsin, qoy”. Axı Sən həm 38 yaşında Xalq artisti olmusan! Özü , çoxları kimi, tək eləAzərbaycan SSR” sayalı yox, həm əsli-fitrəti xalq artisti! Güneyimizin - ad-sanı Şah Xətai şöhrətli Ərdəbilində doğulmusan. Quzeyimizdə - ucqar bir rayon teatrında ikən öz ələm aləminlə bahəm, xoş avaz, bənzərsiz əda davranışınla böyük aktyorumuz Ələsgər Ələkbərovun gözünə necə aləm görünmüsənsə, dərhal Bakıya dəvət edilmisən. Əvvəl Filarmoniyanın, sonra Opera Balet Teatrının solisti olmusan. Asəf Zeynallı məktəbinin bəxtəvərlərindən olmusan; bəxt vərinəSeyid Şuşinski məktəbidüşüb. Opera teatrında isə naxışın beş gətirib! “Sevimlimizçağırılmısan, adın dillərəəsil Əsli”, “təkrarsız Xanəndə qızkimi düşüb, “Ərəbzəngi”nə, “Şahsənəm”inə, “Sənəm”inə bir baxanlar növbəti çıxışlarını səbirsizliklə gözləyib. Oxuduğun muğamlar, təsniflər, xalq bəstəkar mahnıları nəinki statistik heyranların, hətta təbiətən rəqabət-qısqanclıq damarlı sənətdaşların tərəfindən möhürbənd, “avtoqraf-avtoportrettimsalında qəbul edilib.

elə bu heynidə həmin qəbil həmkarlarınla bağlı - heç zaman yadımdan çıxmayası bir olay...

Məşhur” 20 Yanvarın ildönümündəQızıl gül əsdi...” adlı bir veriliş hazırlarkən gözəl müğənnimiz Flora xanımın ifasına da ehtiyac duydum. Mən onun oxuyacağıQaragiləmahnısındakı poetik misralar üstə publisistik gəzişmələr (məsələn, “Şəhərin küçələri (əslində, “Təbrizin küçələri”) dolanbadolanəvəzinə, “Bakının küçələri bulanbabulan” (yəni qan-qadaya) edəcəkdim. Lakin üç-dörd kərə zəngləşməyimizə, evinə iki dəfə çəkiliş qrupu göndərməyimə baxmayaraq, Flora xanımmən elə bir korifeyin mahnısını oxuya bilmərəmdeyib, studiyaya gəlmədi...

Belə... Həttayoxluğundada bu dərəcəli hörmət-izzətdən sonra, daha xiffət, məlamət, ay rəhmətlik? İran, əcəm, ah-uh, ay Ruh?..

Yoxluğundadedim? Ruhdeyə xitabladım? Bunlar nəymiş, ay əbədiyaşarQaragilə”, bu qeyri-əqli nəqlilik nəmənəymiş?! Bağışla məni, ay sağ olmuş!..

Bu minor-major sətirlər içrə, olsa-olsa, dəfn ünvanına təəssüflər, ey ulu muğam gözəl vokal sənətimizin fəxri-fəxarətli nümayəndəsi! Belə ki, Fəxri xiyaban yox, kütləviYasamal qəbiristanlığı”...

O əbədi dünyaya qədər bu təkrarsız səs-avaz mücəssəməsilə ilgili qəzavü-qədərlərdən -

 

Seçmələr...

 

Bu barədə düşünüb-daşınırkən onun haqqında oxuduğum yazılardan birinin gözəl başlığı gəldi gözlərim önünə: “Doldur piyaləmi Arazdan mənim...”

Sonra Üzeyir bəyinArazbarı”sı səsləndi ruhumda. Bəxtiyar VahabzadəninYarım bu tayda qaldı, Yarım o tayda qaldı, Toyum burda çalındı, - Yarım o tayda qaldıdüşdü yadıma. Gördüm, belə getsə, bu Hicrançay ilə bağlı sabiq sadiq söz-sov dalğaları bu yazımın əsas sütununa dov gələcək, keçdim onun barəsində oxuduğum, eşitdiyim xatirələrə həmin o gözəl başlıqlı yazıdan bəzi fraqmentlərə...

Həmin real irreal mənbə-məlumatlara görə, Rübabə xanımı dinləyəndə adama elə gəlir ki, cinayət etməyə hazırlaşan kəs bu ecazkar səsin cazibəsi ilə pis niyyətindən əl çəkər...

Onun haqqında danışan xanımlardan birisinin xatirəsindən Xan Araz ləpələri sədalanır, “Xarı-bülbülab-havası yaşanır: “Rübabənin təkcə səsi yox, qəlbi gözəllər gözəli idi. Mərd, ağayana hərəkətləri vardı. Məni Ərdəbildə qalan Mehrac adlı rəfiqəsinə bənzədirdi. Gecəmi gündüzə qatıb, Rübabə xanımçün ruhuna uyğun şeirlər, mahnı sözləri axtarıb tapırdım. Onun hal-əhvalının izharı olan sözlər, mətnlər...”

Kiçik bacısı Tahirə Muradova isə onu tək elə böyük bacısı kimi deyil, bu xalqın böyük müğənnisi olaraq xatırlayırdı: “Bacım özündən, bizdən çox bu xalqı, bu milləti oxuyurdu. Son günlərini mahnıyla yaşadı. Şəkər xəstəliyi sağlamlığını, görkəmini alsa da, sonacan səsinə dəyə bilmədi. Mənim məətəl qaldığımı görüncə, deyərdi, ay qız, atamız tez-tez demirdimi ki, “səs bizdə həm Allah vergisidi, həm ölüncədi?!.

Bu məqamda onun avazını da yada salmayaqmı: “Yar yardan ayrılsa da, ay məhəbbət ölüncə var?!.

Haqq dünyaya köç məqamında bacısınaayrıca bir vəsiyyətedir: “O taya yol açılarsa, Ərdəbildən bir ovuc torpaq gətirib qəbrim üstə səpərsən...”

Bir neçə ildən sonra Ərdəbilə gedən Tahirə xanım nakam bacısının verdiyi nişanələrlə ata-baba ocağını tapır. Şəhərdəki qohum-əqrəba, dost-tanış sovet vaxtı köçüb Şimali Azərbaycana getmiş Mirzə Xəlil İşraqininşuralı qızı”nın pişvazına çıxır. Mirzə Xəlil 1946-cı ildə ailəsilə Arazı adlayıb keçəndə, Rübabə, Firəngiz Ənvər adlı üç övladı varmış, axı...

Mirzə Xəlil kişinin nələr saydığını söyləmək çətin, fələyin saydığından isə bir-ikirəqəm”: Hələ uşaqkən bu ailə gözəl Ərdəbil dağlarına istirahətə gedir. Yeddi-səkkiz yaşlı Rübabə dağın döşündə bitmiş çiçəklərdən dərdikcə-dərir nənəsi onlardan birini görəndə içini çəkib, vaysınır: “Ay bala, sən neyləmisən?! Bu “Gümüşxəncərçiçəyi 20-25 ildən bir açır. Bunu dərən adamın əllərini üç ay sərasər yara basar, tale-qismətdənsə yarımaz...”

Belə, ay “Qaragilə”...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 12.