“Beynəlxalq Türk Xəbər Kanalının
yaradılması üçün səylə
çalışacağıq”
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı TÜRKSOY 23 ildir qardaş xalqların könül birliklərini və tarixi bağlarını gücləndirmək üçün müxtəlif layihələrə imza atmaqdadır. Qurumun baş katibinin müavini Fırat Purtaşın sözlərinə görə, TÜRKSOY hər il türk dünyasının görkəmli şəxsiyyətlərini yeni nəsillərə tanıtmaq, türk xalqları arasında mədəni əlaqələri genişləndirmək, o cümlədən gəncləri dəstəkləmək istiqamətində layihələr həyata keçirir.
Son bir il ərzində gerçəkləşdirilən layihələr arasında TÜRKSOY Gənclik Xorunun qurulmasını xüsusi qeyd etmək lazımdır: “Beş respublikadan 32 gəncin yer aldığı bu kollektiv çox qısa müddətdə, 20 günlük məşqlərin nəticəsində quruldu. Qrupun repertuarı Azərbaycan, Türkiyə və Qazaxıstandan olan musiqiçilərin iştirakı ilə hazırlandı. Klassik əsərlər, xalq, milli mahnıları repertuara daxil edilmişdi. Xorun Almaniyada üç konserti uğurla keçdi. Gənclər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstanın bayrağını qaldıraraq türk dünyasının qüruru oldular və eyni zamanda mədəniyyət tariximizə töhfə qazandırdılar”.
Fırat Purtaş bildirir ki, TÜRKSOY öz fəaliyyətində türkdilli ölkə başçılarının zirvə toplantılarının qərarlarını əldə rəhbər tutur. Hazırda sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünə hazırlıq işləri görülür: “Bildiyiniz kimi, bugünlərdə türk dünyasının ortaq televiziya kanalının qurulması ilə bağlı qərar verildi. Avqustun 18-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşündə Beynəlxalq Türk Xəbər Kanalının yaradılması, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin milli televiziya kanalları və milli xəbər agentlikləri arasında əməkdaşlığa dair sənədlər imzalandı. Bu çox önəmli qərardır. Çünki çox vaxt biz bir-birimizlə bağlı olan xəbərləri üçüncü ölkə telekanallarından alırıq. Bu televiziyanın qurulması ilə bir-birimizdən ən doğru və qərəzsiz xəbərləri almış olacaq, informasiya mübadiləsi aparacağıq. Eyni zamanda türk dünyasının kanalı olan “TRT Avaz”ın 6 illik, TÜRKSOY-un isə 23 illik təcrübəsi ortaq informasiya sahəsində yeni addımlar üçün mühüm zəmindir. Biz də gözəl xəbərləri ortaya çıxarmaq üçün işbirliyi quracaq və səylə çalışacağıq”.
Mehparə
Mədəniyyət.- 2015.- 2
sentyabr.- S. 10.