“Şərq təranələri” dünya musiqiçilərini bir araya gətirdi

 

Festivalda ölkəmizi təmsil edən Təyyar BayramovunButamusiqi qrupu xüsusi mükafata layiq görülüb

 

Xəbər verdiyimiz kimi, 25-30 avqust tarixində Özbəkistanın qədim Səmərqənd şəhərində “Şərq təranələri” X Beynəlxalq Musiqi Festivalı keçirilib. İki ildən bir keçirilən musiqi bayramında bu il dünyanın 70-dək ölkəsindən, o cümlədən Azərbaycandan iştirakçılar qatılıb.

 

Festivalda ölkəmizi Əməkdar artist Təyyar Bayramovun rəhbərlik etdiyiButamusiqi qrupu təmsil edib. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər.

Yubiley tədbirlərinə ilk “Şərq təranələri” festivalının Azərbaycandan olan iştirakçısı, festivalın Qran-pri mükafatına layiq görülmüş Xalq artisti Simarə İmanova da fəxri qonaq kimi qatılıb.

Təyyar Bayramovqrupu festival çərçivəsində Səmərqəndin küçə və meydanlarında, həmçinin Həmid Əlimcan adına Dram Teatrının qarşısındakı meydanda, habelə Səmərqənd vilayətinin Camboy şəhərində muğam, təsnif və xalq mahnılarını ifa edib. Təmsilçilərimizin çıxışı böyük rəğbətlə qarşılanıb.

Musiqi bayramının sonuncu günü mükafatlar təqdim olunub. Münsiflər heyətinin qərarı ilə “Butaqrupu festivalın “Nadir səs” xüsusi mükafatına layiq görülüb.

Baş mükafatı (Qran-pri) Çin təmsilçiləri - “Jiangsumilli qadın orkestri qazanıb. Birinci yerə Yaponiyanın “Shamisenqrupu layiq görülüb. İkinci yeri Estoniyadan Silver Sepp və Polşanın “Chelm” ansamblı bölüşdürüb. Kosta-Rikanın “Queliteqrupu üçüncü yeri tutub.

Festival çərçivəsində elmi-nəzəri konfrans da keçirilib. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə HüseynovaZümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış ediblər.

1997-ci ildən bəri UNESCO-nun himayəsi altında keçirilən “Şərq təranələri” festivalında Azərbaycan musiqiçiləri həmişə uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndələr - Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 9.