Yeni prioritetlər və yeni hədəflər

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin yeni tərkibdə ilk iclası

 

Avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş struktura uyğun olaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin yeni tərkibdə ilk iclası keçirilib.

 

Mərkəzin direktoru Asif Usubəliyevin rəhbərliyi ilə keçirilən iclasda nazir Əbülfəs Qarayev tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı müəyyən edilən yeni prioritetlər, strateji hədəflər barədə, habelə yeni təyinatlar haqqında məlumat verilib. Yaradılmış şöbələrin fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifə bölgüsü müəyyən olunubkadr təyinatları aparılıb.

Qeyd edək ki, təsdiq olunmuş ştat cədvəlinə uyğun olaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə bu şöbələr fəaliyyət göstərəcək: elmi araşdırmalar, mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar, bədii təhsil, innovasiyalaryeni texnologiyaların tətbiqi, təbliğat və statistik araşdırmalar.

Mərkəzin direktoru müəssisənin gələcək fəaliyyətinin nazirlik ilə sıx əlaqələndirilmiş şəkildə təşkil olunması zəruriliyini vurğulayaraq, nazirliyin müəyyən etdiyi prioritet vəzifələri əməkdaşların diqqətinə çatdırıb. Bu sıraya aşağıdakılar daxildir: milli mədəni irs nümunələrinin tədqiqi və təbliği; nazirliyin rəhbərliyinin tapşırığı əsasında xüsusilə respublikamızın regionlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin monitorinqi və müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən tətbiqi xarakterli konkret təkliflər paketinin hazırlanması; sahə üçün yeni sayıla biləcək eksperimental pilot layihələrin hazırlanması və icrası; praktik əhəmiyyət kəsb edən metodiki tövsiyələrin hazırlanması; beynəlxalq təcrübənin öyrənilməsi; müvafiq təlimlərin aparılması; mədəniyyət sahəsinin təbliği və s.

Mərkəzin əməkdaşlarının fəal iştirakı ilə aparılmış fikir mübadiləsi zamanı müəssisənin illik planı, təşkilati məsələlər, habelə görüləcək ilk tədbirlər müzakirə olunub.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 7.